Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.
Turkustan.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə onların anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.
Növbəti proses martın 12-ə təyin olunub.
Qeyd edək ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Rəsmi məlumata görə, oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını gizli yolla talayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə Çin vətəndaşları Zhang Guomin və Liu Bo təqsirli bilinib.
Mətbuatda yayılan məlumatlara görə, "VMF Continental" mağazası ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevə məxsusdur. (Report)