Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi”


Maksim Şevçenko: “Təyyarə qəzası ilə bağlı elə suallar var ki, onlara aydın cavab vermək lazımdır”

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub ki, telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qəza ilə bağlı kifayət qədər sərt danışıb və Rusiyanın təyyarənin vurulmasına bütün lazımi addımları atmalı olduğunu bildirib.

Görünən odur ki, Rusiya hələ də təyyarənin vurulmasına və faciənin baş verməsinə görə məsuliyyəti üzərinə götürmək niyyətində deyil. Analitiklər isə hesab edirlər ki, mülki təyyarələrlə bağlı bütün beynəlxalq qanunların tələbi Rusiya tərəfindən təmin edilməlidir. Əks halda, bu Azərbaycanla Rusiya arasında münasibətlərdə mənfiliklərin meydana çıxmasına səbəb olacaq.

Rusiyalı politoloq Maksim Şevçenko da hesab edir ki, təyyarə qəzası ilə bağlı elə suallar var ki, onlara aydın cavab vermək lazımdır. Rus mediasına danışan analitik deyib ki, “bağışlayın, müharibə zamanı dəhşətli səhvlər olur” üslubunda açıq etiraf və bəyanatlar əvəzinə, təbliğatçılar səhv iş aparır: “Nəticədə yaxın dost Azərbaycanla birdən-birə münaqişə yaranır. Bundan kim yararlanır? Deyək ki, Rusiyada belə bir lobbi var. Tutaq ki, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atəşə tutulub. Bu, təəccüblü deyil. Çünki müasir hava hücumundan müdafiə sistemi optik nişangah vasitəsilə deyil, radar ekranındakı işarə ilə atəş açır və Rusiya hər gün Ukrayna ilə onlarla PUA mübadiləsi aparır. Əslində genişmiqyaslı müharibə gedir. Təbii ki, böyük bir hava hədəfinin Qroznıya yaxınlaşdığını görən operator “başla” əmrini verib. Bu, hər bir ağlı başında olan hava hücumundan müdafiə zabitinin vəzifəsidir. Əsgər düzgün edib. Təyyarəni inadla döyüş bölgəsinə istiqamətləndirən yanılmışdı. Bəs o, kim idi, maraqlıdır?”.

“Təyyarə Qroznıya haradan gəlirdi? Dağıstandan? Ukrayna PUA-larının Qroznıya birdən başlamayan hücumu fonunda qonşu Bakıdan uçuşun əvvəlcədən yaxınlıqdakı digər aerodroma yönəldilsəydi nə olardı? Qroznıya ən yaxın aerodromlar Dağıstanda Mahaçqala, İnquşetiyada Maqas, Osetiyada Beslandır. Təyyarəni Mahaçqalaya niyə endirmədikləri heç də aydın deyil. Pilotlarla dərc olunmuş danışıqlara əsasən, bu, ən sadə və təbii həll yolu idi”, - deyə Şevçenko vurğulayıb.

Politoloq qeyd edib ki, təyyarə Qroznıya enə bilməyib: “Orada əslində hava döyüşü gedirdi. Mahaçqalada isə rahat eniş edə bilərdi. Mahaçqala və Dağıstanın ən böyük hava limanının sahiblərinə hər hansı sualı olan varmı? Qazaxıstana uçmağa kim qərar verdi?. Hesab edirəm ki, bu suallara cavab verilməlidir”. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ