Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır


Ekspert: “Yayılan hər bir informasiyaya ciddi yanaşılmalı, istintaq bütün versiyalar üzərində ciddi işləməlidir”

Bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib, daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

AZAL-dan verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, qəzadan sonra sağ qalanların sayı 28-dir. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.

“Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaqı prosesi davam etdirilir”. Bu sözləri isə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib. O bildirib ki, bütün versiyalar üzrə müvafiq ekspertizalar aparılır: “Baş prokurorun müavinin rəhbərliyi ilə istintaq qrupu artıq iş başındadır”.

Faciəli qəzanın səbəbi ilə bağlı rəsmi versiya hələlik açıqlanmayıb. Sadəcə təyyarənin quş sürüsü ilə toqquşmasından sonra qəza enişi etdiyi ehtimalı var. Amma başqa versiyalar da öz aktuallığını qoruyur. Ehtimallardan biri də odur ki, təyyarədə texniki nasazlıq yaranıb və pilot qəza enişi etmək məcburiyyətində qalıb.

Hətta Rusiya mediasında yayılan qeyri-rəsmi məlumatlara görə, qəzaya səbəb Ukrayna pilotsuz uçuş aparatları da (PUA) səbəb ola bilər. Bildirilir ki, sərnişin təyyarəsi Ukrayna PUA-larının Çeçenistan ərazisinə mümkün hücumları səbəbindən istiqamətini dəyişmiş ola bilər.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya açıqlamasında bildirib ki, qəzanın səbəbləri araşdırmadan, başladılan istintaqın nəticəsindən sonra bəlli olacaq: “Əvvəla belə bir faciəli hadisə kədərlidir. Təyyarəmizin qəzaya uğraması nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Sağ qalan sərnişinlərə tezliklə şəfa arzulayıram. Dünyada zaman-zaman təyyarə qəzaları baş verir ki, bu hadisələrdən heç bir dövlət sığortalanmayıb. Azərbaycan təyyarə qəzalarının az baş verdiyi ölkələrdəndir. Bu da Azərbaycan pilotlarının peşəkarlığından irəli gələn amildir. Qəza kadrlarından da görünür ki, pilotlarımız maksimum çalışıblar elə eniş etsinlər ki, itki olmasın. Sağ qalan sərnişinlər də bu peşəkar enişin nəticəsidir. Amma yenə deyirəm, heç vaxt hadisədən tam sığortalanmaq mümkün deyil. Hadisə barədə müxtəlif versiyalar ortaya atıla bilər. Təbii ki, hər bir versiya başladılacaq istintaq hərəkətlərində dəyərləndiriləcək. İstintaqdan əvvəl hansısa versiyanın üzərində dayanmaq doğru olmazdı. Təyyarə qəzalarında “qara qutu” oxunur, ona əsasən də səbəblər ortaya çıxır”.

“Araşdırmanın nəticəsində bəlli olacaq ki, AZAL-ın təyyarəsi Qroznıya niyə eniş etməyib, niyə məhz Aktauya doğru hərəkət edib, məcburi enişə səbəb nə olub, eniş zamanı niyə qəza baş verib və s. Bu suallara cavab təyyarənin “qara qutusu”ndadır. “Qara qutu” oxunandan sonra bir çox mətləblərə aydınlıq gələcək”, - deyə ekspert bildirib.

İ.İsmayıl əlavə edib ki, qəzadan sağ çıxanlar var ki, onlar da istintaq zamanı şahid qismində dindiriləcəklər: “Xoşbəxtlikdən qəzadan sağ qurtulan insanlar var. Sağ qalanların sayının çox olması arzumuzdur. Eyni zamanda, onlar da hadisə zamanı nə baş verdiyi barədə təsəvvürləri var. Onlar da özlərinə gəldikdən sonra istintaq orqanlarının əməkdaşları tərəfindən ifadəyə cəlb olunacaqlar”.

Təyyarənin Qroznı hava limanına eniş etməməsi səbəbi kimi Ukrayna PUA-larının Çeçenistan ərazisinə hücum ehtimalının göstərilməsi versiyasına gəlincə, ekspert deyib ki, hər bir versiya araşdırılmalıdır: “Nə səbəb olubsa, istintaqın nəticələri ortaya çıxaracaq. Bu barədə nəsə demək, çaşqınlıq yaratmaq doğru deyil. Hər halda, yayılan hər bir informasiyaya ciddi yanaşılmalı, istintaq bütün versiyalar üzərində ciddi işləməlidir”.

“Yəqin ki, hadisənin baş verdiyi Qazaxıstanın hüquq-mühafizə orqanları artıq hərəkətə keçiblər. Azərbaycan Prezidentinin tapşırığı ilə hadisənin araşdırılması üçün nazirlərdən, aidiyyəti qurumların rəhbərlərindən ibarət nümayəndə heyəti artıq Qazaxıstana gediblər. Rusiya dövlət qurumları da hadisəni araşdırırlar. Məncə, dövlətlərin hüquq-mühafizə orqanları müştərək işləyəcəklər. Dövlət qurumları arasında informasiya mübadiləsi aparılacaq. İnanıram ki, bu faciəvi hadisənin əsl səbəbləri ortaya çıxacaq. Ola bilər ki, təyyarə Qroznıya duman səbəbindən eniş edə bilməyib, sonra da ilkin versiyada səslənən kimi, quş sürüsü ilə toqquşub. Amma texniki nasazlığın olması da mümkün versiyadır. Yenə deyirəm, hər şey istintaqla müəyyənləşəcək”, - təhlükəsizlik eksperti fikrini tamamlayıb.


MANŞET XƏBƏRLƏRİ