Xəbər verildiyi kimi Xətai Tibb Mərkəzində qeyri-adi cərrahi əməliyyat icra edilib.
Xəstəxanaya gətirilmiş 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb. Hadisənin hansı şəraitdə baş verdiyi və qapı dəstəyinin 10 yaşlı uşağın qarın boşluğuna necə nüfuz etdiyi müəmmalı qalıb.
Bizim.Media hadisənin təfərrüatlarını öyrənmək üçün Xətai Tibb Mərkəzi ilə əlaqə saxlayıb.
Xəstəxananın mətbuat xidmətindən verilən məlumata görə hadisə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən R.Orucova adına 109 nömrəli tam orta məktəbdə baş verib:
“Uşaq məktəbdəki şkafın dəstəyini dartarkən qırılıb və canına batıb. Hadisə barədə ərazi üzrə polis bölməsi də məlumatlıdır”.
Daha sonra əməliyyatı icra edən uşaq cərrahı Pərviz Səmədov saytımıza açıqlama verib. O, hadisə barədə bunları deyib:
“Bu gün saat 9-da təcili tibbi yardım maşını ilə Xətai Tibb Mərkəzinə 10 yaşlı uşaq gətirilib. Uşağın qarnının ön divarında deşilmiş yara vardı. Eyni zamanda bu yarada metal yad cism görünürdü. Tərəfimizdən aparılan klinik müayinələr nəticəsində müəyyən etdik ki, yad cism dəri altında yerləşir. Tam əmin olmaq üçün labarator və instrumental müayinələr aparıldı. Həmçinin qarın boşluğunun ultrasəs və rentgen müayinələri keçirildi.
Bir daha müəyyən edildi ki, yad cism daxilə nüfuz etməyib, ancaq dərialtı toxumalarda yer alıb. Tərəfimizdən yad cism oradan çıxarıldı və xəstəyə müvafiq yardımlar göstərildi. 2 saat müvafiq şöbədə saxlanılandan sonra kafi vəziyyətdə ambulator müalicəyə göndərildi”.
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyinə sorğu göndərilib.