Qlobal istiləşmənin fəsadları artır


Qlobal istiləşmənin təsirlərini araşdıran elm adamları həddindən artıq isti havanın gözləniləndən fərqli yaş qrupuna təsir etdiyini ortaya çıxarıblar.

Turkustan.az xəbər verir ki, Meksikadan edilən yeni bir araşdırmaya görə, istiliklə bağlı ölümlərin 75 faizi 35 yaşdan kiçik insanlar arasında baş verir.

Xüsusilə 18-35 yaş qrupu bu vəziyyətdən ən çox təsirlənən qrup olub.

Kolumbiya Universitetinin İqlim Məktəbinin tədqiqatçısı Ceffrey Srader gənclərin bu qədər yüksək nisbətdə təsirlənməsini "təəccüblü" hesab etdiyini söyləyib:

"Bu fərdlər əhalinin ən dözümlü fərdləri olmalı idi. Səbəb-nəticə əlaqəsini daha yaxşı başa düşmək üçün araşdırmaların dərinləşdirilməsi lazımdır".

Tədqiqatçılar gənclərin daha çox açıq havada işlədiklərini və istiyə daha çox məruz qaldığını bildiriblər.

Bundan əlavə, kondisionersiz iş mühitləri və idman fəaliyyətləri də risk faktorları arasındadır.

Araşdırmanın həmmüəllifi R.Daniel Bressler, “İqlim dəyişdikcə istidən ölüm halları artacaq və gənclər daha çox təsirlənəcək”, - deyib.

Tədqiqat həmçinin 5 yaşdan kiçik uşaqların, xüsusən də körpələrin istiliklə bağlı ölümlərə çox həssas olduğunu ortaya çıxarıb.

Mütəxəssislər bunun körpələrin bədən istiliyini tənzimləmək qabiliyyətinin aşağı olması və immun sistemlərinin hələ tam formalaşmaması ilə bağlı olduğunu bildiriblər.

Araşdırmada yaşlıların isti havalara nisbətən bir qədər soyuq havada ölmə ehtimalının daha çox olduğu bildirilib. Soyuq hava bədən istiliyi aşağı olan yaşlı insanlara daha çox təsir edir.

Tədqiqatçılar bildiriblər ki, bu vəziyyət təkcə Meksika üçün deyil, oxşar sosial-iqtisadi və iqlim xüsusiyyətləri olan digər ölkələr üçün də keçərli ola bilər.

Xüsusilə Afrika və Asiyada əsasən açıq havada işləyən gənc əhalinin bu cür risklərə daha çox məruz qala biləcəyi proqnozlaşdırılır.

Araşdırma "Science Advances" jurnalında dərc edilib və komandanın araşdırmanı ABŞ və Braziliya kimi müxtəlif ölkələrə genişləndirməyi planlaşdırdığı açıqlanıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ