Xəbər verdiyimiz kimi, ötən gün Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 5-i hərbçi olmaqla 6 nəfər həyatını itirib.
Qəza zamanı baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu həlak olub.
Qəzada həlak olanlara şəhid statusu veriləcəkmi?
Modern.az mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, şəhid statusu hərbi hissənin təqdim etdiyi arayış əsasında verilir. “Əgər bununla bağlı arayış daxil olarsa, məsələyə baxılır və şəhidlik statusu təqdim edilir”.
Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qanunvericiliyə əsasən, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər də şəhid hesab edilir.
Müdafiə Nazirliyinin qəza ilə bağlı ötən gün yaydığı məlumatda bildirilir ki, hərbçilər xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində həlak olublar.