“Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməməsi çox ciddi problemdir”.
Bunu deputat Elşad Musayev parlamentin plenar iclasında deyib.
Deputat əlavə edib ki, seçkilər zamanı onlara ən çox müraciət olunan məsələ də bununla bağlı olub:
“Bu məsələ öz həllini tapmalıdır və onkoloji xəstəliklər icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmalıdır”.
Məsələ ilə bağlı tanınmış cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, onkoloji xəstələr üçün spesifik dərman preparatlarının bir qrupu həddindən artıq bahadır:
"Bunların birdən-birə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi bu gün ayrılan maliyyə vəsaitinin həddi xaricindədir. Bunu açıq etiraf etmək lazımdır.
Bildirim ki, Türkiyədə 2012-ci ilədək bəzi xərclər xəstə ilə dövlət arasında bölündü. Bu baxımdan, icbari tibbi sığortaya bütün onkoloji müalicənin, xüsusi diaqnostik testlərin keçirilməsi mövcud vəziyyətdə real görünmür.
Biz hazırda idxaldan asılı ölkəyik və dərmanlar da çox bahadır. Hissə-hissə icbari sığortaya daxil edilə bilər, lakin bir anda bütün müalicənin daxil edilməsi real görünmür".