Professor: “Dünya müharibələrə fokuslanıb, amma infeksiya baxımından durum çox ciddidir”
Xəbər verildiyi kimi, rusiyalı turistlərin bir qismi Türkiyənin Belek kurortunda naməlum mənşəli, kəskin fəsadlarla müşayiət olunan virus xəstəliyinə yoluxub. Belə ki, son günlər onlarla uşaq və böyük kütləvi şəkildə yoluxub və yerli xəstəxanaya müraciət ediblər. Onların temperaturu 39 dərəcədən yuxarı qalxıb və evdə dərmanlarla onu endirmək mümkün olmayıb.
Mənbənin sözlərinə görə, xəstəliyin kəskin mərhələsi 4-5 gün davam edir, inkubasiya dövrü isə təxminən 4-14 gün ola bilər. Qeyd olunur ki, bəzi turistlər Rusiyaya gedərkən artıq təyyarədə özlərini pis hiss etməyə başlayıblar. Əsasən mədə-bağırsaq simptomları ilə xarakterizə olunur: ishal, qusma, qarın ağrıları və ümumi zəiflik müşahidə olunub. Xüsusilə “Granada Luxury Belek” hotelində bu hallara rast gəlinib və hoteldə qalan bir çox xarici turistlər də xəstəlikdən əziyyət çəkdiklərini bildiriblər. Bu vəziyyət qonaqlar arasında yoluxucu infeksiyaların hoteldəki qida və ya gigiyena səviyyəsinə bağlı ola biləcəyini düşündürüb.
Başqa bir ehtimala görə, turistlər COVİD infeksiyasında olduğu kimi, sümük ağrılarından, mədə pozğunluğundan və iştahsızlıqdan şikayətləniblər. Bildirilir ki, demək olar, bütün turistlərə “kəskin qeyri-müəyyən infeksiya” diaqnozu qoyulur və müalicə olaraq antibiotiklər və antiviral dərmanlar təyin olunur.
Yoluxma ilə bağlı “Rospotrebnadzor” Rusiyadan olan turistlərin naməlum virusla bağlı şikayətləri ilə əlaqədar Türkiyə Səhiyyə Nazirliyindən məlumat istəyib. Qeyd olunur ki, “Rospotrebnadzor” mütəxəssisləri Türkiyənin Belek bölgəsində naməlum virusla bağlı rusiyalı turistlərin kütləvi şikayətlərini nəzarətə götürüblər.
O da bildirilir ki, Türkiyə Səhiyyə Nazirliyi ilə turistlərin sağlamlığının qorunması və yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu var: “Sənəd digər tərəfin ərazisində yerləşən tərəflərdən birinin dövlətinin vətəndaşları arasında yoluxucu xəstəliklərin baş verməsi zamanı operativ məlumat mübadiləsini və epidemioloji araşdırmaların aparılmasına köməklik göstərməyi nəzərdə tutur”.
Qeyd etmək yerinə düşər ki, 2024-cü ildə bir neçə yeni virusun ortaya çıxması və bəzi tanınan virusların mutasiyaya uğraması müşahidə olunur. Misal üçün, COVİD-19-un KP.2 və KP.3 kimi yeni subvariantları immunitetdən qismən yayınmağa meylli olduğu üçün həkimlər və mütəxəssislər tərəfindən araşdırılır. Bu yeni variantlar “FLiRT” olaraq bilinən mutasiya zəncirinə aiddir və xüsusilə COVİD-19 peyvəndlərinin effektivliyinə təsir edir. Hazırda yeni peyvəndlər bu mutasiyaları hədəfləyir və mütəxəssislər bu variantlara qarşı müdafiəni gücləndirməyə çalışır.
Bununla yanaşı, dünyanın bəzi yerlərində elm adamları heyvanlardan insana keçə biləcək yeni virus növləri ilə bağlı narahatlıq keçirir. Xüsusilə suda yaşayan heyvanlardan əldə edilən koronaviruslar üzərində aparılan araşdırmalar yeni mutasiyaların potensial risklər yarada biləcəyini göstərir. Mütəxəssislər bu virusların təbiətdəki virus populyasiyasını daha yaxşı başa düşməyin vacibliyini vurğulayır və potensial epidemiyalarla mübarizə üçün təkmilləşdirilmiş nəzarət mexanizmlərinin yaradılmasının əhəmiyyətini qeyd edir.
Bu nə virusdur, Azərbaycanda da özünü göstərməsi mümkünmü? Əhali nəyə diqqət etməlidir?
Adil Qeybulla
Tanınmış cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İlk olaraq qeyd edim ki, pandemiya bitsə də, hazırda "Omikron" ştamının mutasiya variantları davam edir. Hazırda Almaniyada klinikalarda xeyli COVİD xəstələri var. Əksər ölkələrdə buna o qədər də əhəmiyyət verilmir. İnsanlar da bunu ayaqüstü keçirirlər. Müşahidələrim göstərir ki, bizdə də bu az deyil. Bundan başqa, əhali arasında rotaviruslar, entereviruslar, qrip infeksiyası geniş yayılıb. Bu epidemioloji vəziyyətin bu şəkildə qarışıq olması dünyanı narahat edir. Əlbəttə, bu gün iki bölgədə müharibə getdiyindən insanlar başqa istiqamətə fokuslanıb. Amma infeksiya baxımından potensial durum da çox ciddidir. Ayrı-ayrı ölkələrdə bu cür infeksiyaların büruzə verməsi təsadüfi deyil. Bir ara meymunçiçəyi virusunun, digər infeksiyaların peyda olması, yoxa çıxması - bunlar hamısı ardıcıl bir-birinə bağlı olan hadisələrdir. Fikrimcə, hər bir ölkə diqqətli olmalıdır. Keçid zonalarında nəzarət gücləndirilməlidir. Baş verən infeksiya, epidemik ocaq yerində lokallaşdırılmalıdır ki, yayılmasın. Profilaktik tədbirlərə üstünlük verilməlidir".
Onu da nəzərə çatdıraq ki, dünyada yeni pandemiyanın baş verməsi təhlükəsi müzakirə olunmaqdadır. Son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “Disease X” adı altında tanınan naməlum infeksiyaların yaranma ehtimalı vurğulanır. Bu termin pandemiya potensialı olan yeni bir virusun meydana gəlmə ehtimalını ifadə edir. ÜST-nin rəhbəri Tedros Adhanom Ghebreyesus, tarixdə baş verən pandemiyaların təcrübəsinə əsaslanaraq, bu cür xəstəliklərin yarana biləcəyini və buna hazırlıqlı olmağın vacibliyini qeyd edib.
Elmi araşdırmalar nəticəsində 30-dan çox patogenin, o cümlədən “dengue” virusu, influenzanın A tipi və “monkeypox” virusunun, gələcək pandemiya riskini artıran viruslar olduğu bildirilir. Bu patogenlər yüksək yayıla bilmə potensialına malikdir və hazırda vaksinlərin və müalicə vasitələrinin çatışmazlığı səbəbindən təhlükə törədir. Tədqiqatçılar bu patogenlərin baş vermə ehtimalını artıran amilləri nəzərə alaraq, onların tədqiqatını və müalicə yollarının inkişafını önə çəkirlər.
Eyni zamanda yeni pandemiyaların yaranma ehtimalı ilə əlaqədar mütəxəssislər hava, su yolu və zoonotik (heyvanlardan insana keçən) yolla yayıla biləcək virusların xüsusiyyətlərini araşdırmaqdadırlar. Ekspertlər vurğulayır ki, pandemiyalara hazırlıq üçün qlobal səviyyədə birgə çalışmalara ehtiyac var və müasir pandemiya riski, xüsusilə iqlim dəyişiklikləri, meşələrin məhv edilməsi və beynəlxalq səyahətlərin artması kimi faktorlara görə daha da artır.