Bu dərmanları pulsuz əldə edə biləcəyik


Azərbaycanda ambulator müalicə dərmanları İcbari Tibbi Sığortanın xidmət zərflərinə daxil edilib. Bundan sonra ambulator müalicə alan şəxslər İTS Fondu tərəfindən dərman preparatları ilə təmin ediləcək.

Modern.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, İcbari Tibbi Sığortanın tətbiqindən sonra Azərbaycan səhiyyəsi çox böyük uğurlar qazanıb:

“Bu uğurlar istər səhiyyə sisteminin inkişafı, istərsə də onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müşahidə olunur. Xidmətlər zərfi genişlənir. Bir çox xəstəliklər artıq xidmətlər zərfinə daxil edilmişdir. Biz hər 3-4 aydan bir xidmətlər zərfinə yeni xidmətlərin əlavə edilməsini müşahidə edirik”.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı ambulator dərman preparatlarının icbari tibbi sığorta tərəfindən qarşılanması mühüm bir addımdır:

“Bu həm əhalimizin maddi yükünün azaldılmasına, həm də səhiyyə sistemində gələcəkdə dərman preparatlarının istehsalı və yerli istehsalın stimullaşdırılmasında böyük rol oynayacaq. Düşünürəm ki, ambulator müalicənin icbari tibbi sığorta xidmətlərinə daxil olunması və preparatlarin İcbari Tibbi Sığorta Fondu tərəfindən qarşılanması mühüm addımdır. Mərhələ-mərhələ strateji məqsəd olan bütün xəstəliklər və tibbi xidmətlərin və dərman təminatının icbari tibbi sığorta çətiri altına alınmasına doğru atılmış mühüm addımdır”.


MANŞET XƏBƏRLƏRİ