"Bəzi poliklinikalar qəsdən qızılcaya qarşı vaksin defisiti yaradırlar" – Professordan SENSASİON İDDİA


Son illərdə koronavirusa yoluxma ilə bağlı bağlı yaranan narahatlıq və gərginliyi ötən il qızılca epidemiyası əvəzləmişdi. Keçən ilin bu dövründə qızılca dünyada, o cümlədən Azərbaycanda tüğyan edirdi.

Bəs, bu il vəziyyət necədir?

Tibb elmləri doktoru Adil Qeybulla Bizim.Media-ya bildirir ki, ötən il yayılan qızılca epidemiyasından həm uşaqlar, həm böyüklər əziyyət çəkdi:

“Bu bir tərəfdən qızılcanın müəyyən dəyişikliyə uğraması, digər tərəfdən isə valideynlərin uşaqlarını vaksindən yayındırması ilə bağlı idi. Bütün dünyada milli peyvənd təqvimi var. Uşaqlar bu təqvimə görə 13 adda xəstəliyə görə peyvənd olunurlar. Onun əsasında da azyaşlılarda immunitet yaranır.

İndiyə qədər qızılca, difteriya, göy öskürək, tetanus kimi xəstəliklərin olmaması məhz hamının vaksin olunmasıyla bağlı olub. Son zamanlar yaranan vəziyyət bir daha göstərdi ki, vaksinasiya nə qədər vacibdir”.

Professor deyir ki, xəstəlik epidemiya halına gələndə valideynlər əl-ayağa düşürlər. Təbii ki, onda da vaksin defisiti yaranır:

“Bəzən bu defisiti süni olaraq yaradırlar. Ayrı-ayrı iş adamları, poliklinikalar vəziyyətdən istifadə edirlər. Çünki bütün əhali birdən-birə vaksin üçün müraciət edir və nəticədə çatışmazlıq yaranır. Ona görə də hər kəs uşağını milli peyvənd təqviminə uyğun, yubatmadan vaksinasiya etməlidir”.

Özəl xəstəxanalarda vaksinlərin baha olmasına gəlincə, mütəxəssis bunu dövlətin müəyyənləşdirmədiyini bildirib:

“Özəl xəstəxanalarda peyvəndlərin hansı qiymətə olmasını dövlət müəyyənləşdirmir. Ona görə də çalışıb dövlət xəstəxanasında vaksin etdirmək lazımdır. Bütün vaksinlərin keyfiyyət parametrləri yüksəkdir”.

Qızılca ilə bağlı ölkədəki hazırkı vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyinə də sorğu ünvanladıq.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir:

“Aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində sentyabr ayından ölkədə tək-tək qızılca xəstəliyi halları qeydə alınır”.


MANŞET XƏBƏRLƏRİ