Zəhərləyən dönər dalğası


Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə rayonun Qovlar şəhərində 18 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb:

"Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənib. Ümumiyyətlə, ölkədə dönərdən zəhərlənmə hadisəsi dəfələrlə baş verib. Mütəxəssislər isə bunun səbəbini müxtəlif amillərlə izah edirlər.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cebheinfo.az”-a bildirib ki, son günlərdə dönərdən zəhərlənmə halları, xüsusilə də bunun kütləvi şəkildə baş verməsi, eləcə də AQTA-nın mütəmadi olaraq apardığı monitorinqlərin nəticələri vəziyyətin ürəkaçan olmadığını göstərir:

“Avqust ayının ümumi monitorinq nəticələrinə görə, 310 müəssisədə sanitar gigiyenik, sanitar texniki vəziyyətin qiymətləndirilməsi aparılıb. 309 müəssisədə nöqsanların aşkar olunması, yalnız bir müəssisənin vəziyyətinin qənaətbəxş olması bu sahədə kifayət qədər işlərin aparılmadığını göstərir.

Eləcə də 209 müəssisədə 220-si toyuq, 74-ü mal əti olmaqla, ümumilikdə 294 nümunə götürülüb. Bu nümunələrin nəticəsinə görə, 158 müəssisədə 215 dönər nümunəsində uyğunsuzluq aşkar olunmayıb. Amma digərlərində, xüsusilə toyuq dönərlərində ekoli bakteriyası, yaxud da mal əti dönərinin monitorinqinin nəticəsində toyuq DNT-sinin aşkarlanması vəziyyəti ortaya qoyur.

Ancaq burada problem yalnız ətdən qaynaqlanmır. Eyni zamanda, istifadə olunan tərəvəzlərin düzgün qaydada yuyulmaması, üzərində hər hansı torpaq qalıntısının olması belə, bir çox hallarda zəhərlənməyə səbəb ola bilər.

Eləcə də çiy ətin bişmiş ətlə uzun müddət bir yerdə eyni temperaturda qalması, hətta istifadə olunan ketçup və mayonezlərin istifadə müddətinin bitməsi və həmin məhsulların daha çox sərin, soyuq temperaturda saxlanması lazım olduğu halda bəzən dönər bişirilən yerin yanında istidə saxlanılması tərkibin dəyişməsinə gətirib çıxarır.

Nəticədə də belə kütləvi zəhərlənmələr baş verir. Eyni zamanda, bir çox hallarda immun sistemi aşağı olanlarda, azyaşlılarda, qocalarda, xroniki xəstəliyi olanlarda da daha tez özünü göstərir, ağır zəhərlənmə ilə nəticələnir. İmmun sistemi yüksək olan, gündəlik bu qidadan istifadə etməyən insanlarda hər hansı xoşagəlməz hallar baş versə də, orqanizm güclü olduğuna görə belə hallar aradan qalxır.

Ümumiyyətlə, keyfiyyətsiz, mənşəyi məlum olmayan, bu şəkildə satılan məhsullardan mümkün qədər uzaq durmaq lazımdır ki, sağlamlıq problemləri ilə rastlaşmayaq”.

Bu gün ölkədə, xüsusilə də paytaxtda demək olar ki, hər bir küçədə bir neçə dönər satışı obyektinə rast gəlmək mümkündür.

Fikrimizcə, bu kimi hadisələrin baş verməməsi üçün vaxtında dönər satışı obyektlərinin monitorinqi aparılmalı və ciddi nəzarət olmalıdır. Zəhərlənmə hadisəsi baş verdikdən sonra hansısa tədbir görülməsi növbəti təhlükədən sığortalamır.


MANŞET XƏBƏRLƏRİ