Azərbaycanda tüğyan edən virus COVID-in yeni ştammıdır? - HƏKİM AÇIQLADI


Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur. Hazırda insanlar arasında sözügedən virusun koronavirusun yeni ştammı olması ilə bağlı fikirlər yayılıb.

Maraqlıdır, görəsən, bu virus həqiqətən də koronavirusun yeni ştammıdır?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, pandemiya bitsə də hələ də ayrı-ayrı ölkələrdə epidemioloji ocaqlar davam edir.

Onun sözlərinə görə, koronavirusun omikron ştammının çoxsaylı mutasiyaları hələ də yayılmaqda davam edir:

“Bununla yanaşı hər kəsə məlumdur ki, payız fəslində soyuqdəymə, qrip kimi xəstəlikləri törədən viruslar aktivləşir. Adətən koronavirusun ştammları dadbilmə və qoxubilmə qabiliyyətinin itməsi ilə özünü biruzə verir. Ona görə də hazırda qarışıq bir mənzərə var. İstənilən halda soyuqdəymə və ya qrip kimi xəstəliklərə yoluxan insanlar yataq rejimində müalicə almalı, çoxlu maye qəbul etməli və qidalanmaya diqqət etməlidir. Əsasən meyvə və tərəvəz istehlak edilməlidir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə bildirib ki, hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir.

O bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır:

"Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir".


MANŞET XƏBƏRLƏRİ