Mobil oyunların və cizgi filmlərinin fəsadları - "Sonda ciddi problemlər yaranır"


Son günlər məktəblilər arasında bir neçə bıçaqlanma halı qeydə alınıb. Bəzi təhsilyönümlü ekspertlər vurğulayırlar ki, müasir dövrdə neqativ təsirlər, xüsusilə internet, sosial şəbəkələr və televiziyalar uşaqların davranışlarını ciddi şəkildə formalaşdırır. Platformalar bəzən zorakılığı adi və normal bir hal kimi göstərir, bu da gənclərin düşüncələrinə mənfi təsir edir. Bildirilir ki, şagirdlərə problemlərin dialoq və anlaşma yolu ilə həll olunmasının vacibliyi aşılanmalı, zorakılığın bütün hallarının qəbul edilməz olduğu öyrədilməlidir.

Görəsən, valideynlər övladları ilə dialoq qurmaqda niyə bu qədər çətinlik çəkirlər və azyaşlıların aqressiv olmasının səbəbləri nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Ezgi Şahin problemin səbəblərini izah edib.

O qeyd edib ki, valideynlər uşaqlarına yetərincə vaxt ayıra bilmirlər:

“Hazırda reallıq odur ki, bir çox məktəblərdə dərslər yetərincə keyfiyyətli keçilmədiyindən uşaqlar əlavə hazırlıqlara yönəlirlər. Valideynlər də bütün bu və bunun kimi digər maddi ehtiyacları ödəmək üçün daha çox çalışırlar. Bu zaman təbii ki, uşaqlara vaxt ayırlmaq çətinləşir. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, ata və ya ana həddindən artıq yorğun olduğu üçün bəzən övladıları ilə ünsiyyət qurmurlar. Bu zaman mənəvi ehtiyaclar kənarda qalır. Ona görə də azyaşlılar daha çox dost çevrəsində özünü kəşf etdiyindən, oradan uzaq düşməkdən qorxur və onların bütün istəklərini yerinə yetirilər. Bu zaman isə bəzi problemlər ortaya çıxır”.

Mütəxəssis bildirdi ki, cizgi filmlərinə baxmaq və telefonla daha çox vaxt keçirmək sonda ciddi problemlərin yaranmasına səbəb olur:

“Bəzən uşaqlar limitsiz vaxt çərçivəsində telefonda müəyyən oyunlar oynadıqları üçün həddindən artıq aqressiv olurlar. Müasir dövrdə onları mobil qurğudan uzaqlaşdırmaq mümkün deyil. Bu aqressiyanın daha da artmasına səbəb olacaq. Yaxşı olardı ki, valideynlər mümkün qədər hazırlıqlardan sonra övladlarını rəsm, idman və bu kimi müxtəlif fəaliyyət növlərinə yönəltsinlər. Bu zaman onlar özlərini daha yaxşı kəşf edəcəklər. Həmçinin, təəssüflə qeyd etməliyəm ki, azyaşlıların cizgi filmlərinə də həddindən çox baxması ciddi problemlər yarada bilər. İndiki uşaqlarda özünüifadə problemləri yaranıb. Onlar dialoq qura bilmirlər. Zəka olduqca ləng inkişaf edir. Dəfələrlə müşahidə etmişəm ki, hədiyyə aldıqda belə reaksiyaları çox zəif olur. Bunların hər biri ciddi problemdir. Vəziyyət o dərəcədə ciddidir ki, artıq biz uşaqları sosiallaşdırmaq üçün qrup terapiyasından istifadə edirik”.


MANŞET XƏBƏRLƏRİ