Məktəblər açıldı, xəstəliklər artdı: Uşaqlarımızı necə qoruyaq?


“Məktəblərin açılması ilə xəstəliklərə yoluxma halları da artır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasındaSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Təyyar Eyvazov bildirib ki, məktəblərin açılması və dərslərin başlanmasının payız mövsümünə düşməsi, havaların get-gedə soyuması, qapalı məkanlarda, sinif otaqlarında təmasların artması, otaqların daha az havalandırılması hava-damcı üsulu ilə ötürülən qrip və digər respirator infeksiyaların yayılması üçün münbit şərait hesab olunur.

Müsahibimiz bu infeksiyalardan qorunmaq tədbirlərinin spesifik və qeyri-spesifik olmaqla iki hissədən ibarət olduğunu deyərək, izah edib ki, spesifik tədbir qripə qarşı vaksinasiyadır:

“Bu spesifik tədbir ilk növbədə məktəb yaşlı uşaqlar arasında yanaşı ağır xroniki xəstəlikləri, immundefisiti olan şagirdlərə tövsiyə olunur”.

Təyyar Eyvazov, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist

T.Eyvazov qeyri-spesifik tədbirlərin isə hava-damcı infeksiyaları üçün ümumi olduğunu və bunlara maskanın taxılması, sosial məsafə, əl gigiyenası və s. aid olduğunu söyləyib:

“Uşaqda hərarət, öskürək, boğaz ağrısı və s. kimi əlamətlər görünərsə, vaxtında aşkar olunmalı, valideyn tərəfindən məktəbə buraxılmamalıdır. Hesab edirəm ki, əhalinin bu infeksiyalardan qorunmaq yolları haqqında kifayət qədər məlumatı var”.

Məktəblərdəki tibbi xidmət təşkili ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 iyun 2009-cu il tarixli Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci Maddəsinin (“Təhsil müəssisəsində iaşə və tibb xidməti”) 28.3-cü bəndinə əsasən “Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi” Qaydasına əsasən “Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Bildirilib ki, müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir:

“Azərbaycan Respublikası “Təhsil haqqında” Qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir. Bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər”.

Təhsil müəssisələrində təhsilalanların tibbi xidmətlə təmininin iki formada həyata keçirildiyi vurğulanaraq məlumat verilib ki, bunlara təhsil müəssisəsində ambulator tibb xidmətinin təşkili üçün yaradılmış həkim və ya tibb məntəqəsi vasitəsilə (məktəb həkim-pediatrı və ya tibb bacısı tərəfindən) və ümumi qaydada, yəni yerində ambulator tibbi xidmət təşkil edilmədən (sahə üzrə təhkim edilmiş sahə həkimi-pediatr (ailə həkimi) və ya tibb bacısı tərəfindən) göstərilən tibbi xidmət aiddir.

Ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılmış həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatlarının nəzərə alındığı bildirilib:

“Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir”.


MANŞET XƏBƏRLƏRİ