Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik nədir?


Hər il yay aylarında uşaqlar arasında rotavirus adlanan infeksion xəstəlik yayılır və əsasən 5 yaşınadək uşaqlar arasında özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri qusma, yüksək hərarət və ishaldır.

Məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, adətən hər il yayda uşaqlarda rotavirus özünü göstərir:

"Əsas əlamətləri ishal, qusmadır. Gün ərzində 3 dəfədən 10 dəfəyə kimi qusma halları, duru nəcis ifrazı özünü göstərə və temperatur 39-40 dərəcəyə kimi yüksələ bilər. Bu xəstəlik yoluxucudur, qusuntu kütləsi, nəcis və hava-damcı yolu ilə insanlara yoluxur. Bu virusun müalicəsində antibiotik qəti qadağandır. Xəstəliyi 3 gündən 7 günə qədər dövrü var.

Burada əsasən bədən su itkisi yaşadığı üçün xəstəliyin müalicəsində su balansının tənzimlənməsi əsasdır. Xəstəliyə yoluxmuş uşaqlar ev şəraitində olmalı, havaya çıxmamalıdırlar, uşaq ailədən təcrid edilməlidr”. Həkim bildirib ki, bu virusun peyvəndi körpə vaxtı vurula bilər: “Lakin bu peyvənd məcburi olmadığı üçün ancaq özək klinikalarda vurulur. Qeyd edim ki, xəstəliyə yoluxmuş uşaqlar mütləq həkim nəzarətində olmalıdırlar".


MANŞET XƏBƏRLƏRİ