Azərbaycanı dünyada birinci edən utanc


2024-cü ilin yanvar-iyun ayları ərzində dünyaya gələn uşaqların 23 965 nəfəri qız, 27 532 nəfəri isə oğlan olub.

Bu rəqəmlər yenidən selektiv abort məsələsinin müzakirəsinə səbəb olub.

Belə ki, son zamanlar selektiv abortlar ictimaiyəti narahat edən ciddi müzakirə obyektinə çevrilib. Təəssüflər olsun ki, selektiv abortlara görə ölkəmiz dünya ölkələri arasında liderlik edən Çini də ötərək hazırda sırada birinci yerə keçib.

Məsələ ilə bağlı "Cebhe.info"-ya danışan ginekoloq Rəşad Sultan bildirib ki, hamiləlik zamanı 12 həftədən əvvəl cinsiyyət bilinmir:

"Selektiv abortlar isə 12 həftədə cinsiyyəti bildikdən sonra edilir, bu da qanunun kobud şəkildə pozulmasıdır. Yeni qanun qəbul etməyə ehtiyac yoxdur, sadəcə var olan qanunların icrasına diqqət edilsə, ölkədə selektiv abortların qarşısını ala bilərik.

Bu haqda maarifləndirmə məsələsində Azərbaycan cəmiyyəti irəli yox, geriyə gedir. Bu gün bəzi mühafizəkar şəxslərə imkan yaradılsa, dərhal ölkədə özlərindən uydurduqları dini qanunlarla idarə olunan dövlət qurarlar.

Halbuki onlar dini də təhrif edirlər, klassik dini qanunlar yox, özlərindən uydurduqları qanunlarla hərəkət edirlər. "Oğlan uşağı yaxşıdır, qız uşağı pisdir" deyə bir fikir hansı dində, hansı qanunda, etikada yazılıb?"

Ginekoloq vurğulayıb ki, selektiv abortların azaldılmasının qarşısı maarifləndirmə alınmayacaq:

"Sosioloqlarla, psixoloqlarla söhbət aparıb kütləyə məcburiyyət edərək selektiv abortların qarşısını almaq lazmdır. Mediada danışmaq, maarifləndirmə söhbətləri aparmaqla bu məsələ həllini tapmayacaq. Kütlənin "başına vura-vura" öyrətmək lazımdır ki, selektiv abort doğru deyil. Çünki bu cəmiyyət var olan qanunlara belə riayət etmir".

Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, selektiv abort qlobal dünyanı düşündürən problemdir:

"Təəssüf ki, Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edən Çini də ötərək hazırda sırada birinci yerə keçib. Bu bir sıra səbəblərlə bağlıdır. Azərbaycanda patriarxal, ənənəvi cəmiyyət olduğu üçün oğlan uşaqlarına həmişə önəm verilib, oğlan uşaqları "düşmən çəpəri" kimi qiymətləndirilib. "Qız yükü, duz yükü" prinsipi ilə cəmiyyət daha çox oğlan övladlara üstünlük veriblər. Hətta mülkiyyət, vərəsəlik məsələlərində də oğlan uşaqlarına daha çox pay verilib. Bu məsələlər də selektiv abortları körükləyir".

Sosioloq qeyd edib ki, Azərbaycan selektiv abortlar məsələsi ilə bağlı müəyyən addımlar atır, bu baxımdan bəlli bir səviyyədə qanunvericilik bazası da var:

"Lakin bu qanunvericilik bazası uşaq mərkəzli deyil, qadın-ana mərkəzlidir. Abortlara anaların mənafeyini nəzərə almaqla imkan verilir. Ona görə yaxşı olar ki, uşaq mərkəzli, selektiv abortlarla bağlı qanunvericilik bazası olsun".

Onun sözlərinə görə, ailə planlaşmasında da dəyişikliklər baş verir:

"Əvvəllər çoxuşaqlı ailələr olsa da, indi ailələr maksimum 3 uşaqla kifayətlənirlər. Birinci uşaqda abort etmək mümkün deyil, yəni əgər birinci uşaq qız olarsa, həyatda qalma faizi 100 %-dir. Əgər ikinci və üçüncü uşaq da qızdırsa, həyatda qalma şansı daha da azalır.

Güman edirəm ki, gələcəkdə bu məsələ öz həllini tapacaq. Övladın qız, yaxud oğlan olması avantaj deyil. Əsas vətənə xeyirli, tərbiyəli, ailəyə layiq övlad olmaqdır. Biz çox nümunələr görərik ki, qız uşaqları nəslin başını uca edir, nəslin varisliyini yüksək səviyyədə təmin edir.

Belə düşüncəni sosial çarxlar vasitəsilə təbliğ etmək lazımdır. Orta məktəblərdə şagirdlərə aşılamaq lazımdır. Nənə-babalarla da söhbət aparmaq lazımdır ki, bu yanaşma köhnə yanaşmadır, çünki daha çox onlar oğlan övlad həvəskarı olurlar".

Ləman İsmayıl
"Cebhe.info"


MANŞET XƏBƏRLƏRİ