Qocalmaya qarşı dərmanları Azərbaycana kim buraxmır?


Son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının (BAQM) laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb.

Bu barədə ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bəzi sahibkarlar tərəfindən asan qazanc əldə etmək məqsədilə hər hansı bir effektiv təsirə malik olmayan, həmçinin müxtəlif sosial şəbəkələr və media resurslarında vətəndaşlara geniş reklam kampaniyaları ilə təqdim olunan bioloji aktiv qida məhsullarının ölkəmizə idxalına cəhd göstərilir.

Qeyd edilib ki, ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarının böyük hissəsi Türkiyədən gətirilir. Lakin AQTA-nın verdiyi məlumatdan fərqli olaraq, həkimlər bioloji aktiv qida məhsullarının insan orqanizmi üçün çox faydalı olduğunu bildirir

Ekspertlərin fikrincə, bu əlavələr insan orqanizmi üçün dərmanlardan daha efektiv təsirə malik olsa da, reseptdə yazılmasına icazə verilmir. Həkimlər bildirir ki, bəzi hallarda satışı da məhdudlaşdırılır. Xarici ölkələrdə hətta marketlərdə belə satışı həyata keçirilən bioloji aktiv qida məhsulları bədəndə çatışmayan zülalların təminatında xüsusi rol oynayır.

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu maddələr daha çox 40 yaş üzəri olan şəxslərə məsləhət bilinir:

"Orqanizmdə 40 yaşına qədər assimilyasiya dissimilyasiya prosesini üstələyir. Yəni yaranan enerji itən enerjidən çox olur. 40 yaşından sonra assimilyasiya ilə dissimilyasiya bərabərləşir. Orqanizm mineral maddələri itirir, bədəndə müəyyən çatışmazlıqlar yaranır, orqanizm qocalır.

Əslində bioaktiv maddələr gerontoloji dərmanlardır. Gerontologiya qocalmaqla mübarizə aparan elmdir. Həmin maddələr də qocalmaqda olan bədəni zülal və çatışmayan digər maddələrlə təmin etməyə xidmət edir".

Onun sözlərinə görə, elə bir ölkə yoxdur ki, orada bioaktiv əlavələrdən istifadə olunmasın:

"Bizdə isə belə bir məlumat yayırlar ki, həkimlər xəstələrə bioaktiv əlavələri verirlər, dərmanlar kənarda qalır. Mən bu fikirlə razılaşmıram. Həkim əgər bioaktiv əlavə versə, xəstə sağalmayacaq. Sağalmayanda da təkrar həmin həkimin yanına gəlməyəcək. O həkim xəstələrini itirdikcə acından ölər ki... Heç bir həkim dərman əvəzinə bioaktiv əlavə yazmaz".

Ekspert deyir ki, xarici ölkələrdə marketlərdə belə bu əlavələrin satışı ilə rastlaşa bilərsiniz:

"Xarici ölkələrdə hətta marketlərdə ucuz qiymətə satılır. Bunun nəyi pisdir ki? Bizdə isə deyirlər ki, yararsızdır, ölkəyə gəlməsin. Mən də başa düşə bilmirəm ki, gəlməməyinin səbəbi nədir? Xaricdə bioaktiv maddələrin hazırlanmasına dərmanların hazırlanmasından daha ciddi yanaşılır. Bizdə isə ölkədən çıxan şəxsdən xahiş edirlər ki, filan qida əlavəsini gətirsin".

R.Bağırov ölkəmizdə qida əlavələrinin satışının stimullaşdırılmalı olduğunu vurğulayıb:

"Bizdə 10 il əvvələ qədər yaxşı satılırdı, insanlar bundan istifadə edirdi, xeyrini də görürdü. Qida əlavələri ölkəyə gətirilməlidir. Əgər hansısa həkim dərman əvəzinə qida əlavəsi yazırsa, xəstə istənilən yerə şikayət edə, hüquqlarından istifadə edə bilər. Amma həkim qida əlavəsinə ehtiyac yarandığı halda bunu reseptə yazır, yəni həmişə belə olub".


MANŞET XƏBƏRLƏRİ