Laboratoriya şəraitində hazırlanmış süni ət qadağan edildi


ABŞ-da bir ilk! Florida ştatı laboratoriya şəraitində hazırlanmış süni əti qadağan edib. Süni ətin istehsalı, satışı və paylanması qadağan edilib.

Turkustan.az xəbər verir ki, ABŞ- ın Florida ştatında laboratoriya şəraitində istehsal edilən süni ətin istehsalı, satışı və paylanmasını qadağan edən qanun bu gündən qüvvəyə minib.

ABŞ-ın Florida ştatı, Dünya İqtisadi Forumunun alternativ zülal mənbəyi kimi irəli sürdüyü və ABŞ Kənd Təsərrüfatı Departamentinin ötən ilin iyununda ölkədə satışına icazə verdiyi laboratoriyada istehsal edilən ətin satışını qadağan edən ilk ştat oldu.

Keçən may ayında Florida qubernatoru Ron DeSantis tərəfindən imzalanan və süni əti “saxta ət ” kimi təyin edən qanunu pozanları 500 dollar cərimə və ya 60 günə qədər həbs gözləyir .

"Petri qablarında zülal istehsalının Davosdakı dünya elitalarının bir layihəsi olduğunu və heyvandarlığa son qoymağı hədəflədiyini" müdafiə edən DeSantis, əyalətdə illik 900 milyon dollar qaynaq yaradan maldarlığı qorumaq istədiklərini söylədi.

Florida ştatında süni ət qadağası başlamazdan bir neçə gün əvvəl , Kaliforniyada yerləşən bir istehsalçı şirkət 27 İyun Cümə axşamı günü Florida ştatının Wynwood rayonundakı damda laboratoriyada istehsal olunan ətlərin dadına baxıldığı bir şənlik təşkil etdi.

Süni ət istehsalının fermerləri təhdid etdiyi və sağlamlıq riski yaratdığı iddialarını rədd edən şirkət nümayəndələri Florida ştatının müvafiq qanunla bağlı rəy istəmədiyini bildirdi.

Oxşar qanun layihəsinin qəbul edildiyi Alabama ştatında süni ət qadağası oktyabrın 1-dən qüvvəyə minəcək. Laboratoriyada ət istehsalı, satışı və paylanmasına qadağa qoyan dövlət qaydalarına əməl etməyənləri 500 dollar cərimə və ya üç aya qədər həbs cəzası gözləyir.

Dünyada süni ət istehsalı sahəsində 150-yə yaxın şirkət fəaliyyət göstərir və onlardan 43-ü ABŞ-dadır. Süni ət təbii ətdən baha olmasına və hələ də kiçik sənaye olmasına baxmayaraq, bu sektor milyardlarla dollar investisiya cəlb edir.

Süni ət polad kameralarda canlı heyvanların hüceyrələri və ya mayalanmış yumurtalarının yetişdirilməsi ilə əldə edilir. Buradakı hüceyrələr laboratoriya şəraitində su, şəkər, yağ və vitamin qarışıqları ilə qidalanır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ