2021-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılıb. Artıq 3 ildir ki, insanların icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 3 mindən çox xidmətindən istifadə etməyə başlayıb. Buraya ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətləri daxildir.
İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. İcbari tibbi sığorta, həmçinin səhiyyə infrastrukturunun yaxşılaşmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xərclərin daha səmərəli istifadəsinə, inklüzivliyin təmin olunmasına xidmət edir.
Ancaq Azərbaycanda ictimaiyyət arasında icbari tibbi sığorta ilə bağlı fikirlər birmənalı deyil, bəzi vətəndaşlar, xüsusilə regionlarda yaşayan insanlar bu xidmətdən istifadə etməkdə çətinlik çəkdilərini bildirirlər. Regionlarda xəstəxanaların icbari tibbi sığortadan istifadə etmək istəyən vətəndaşları gecikdirməsi, onlara çətinlik yaratması barədə xəbərlər yayılır.
Problemlərin sırasına növbələrin çoxluğu, tibbi personalın bir qisminin köhnə streotiplərdən azad ola bilməməsi, bir neçə yerdə çalışanların hər bir əməkhaqqına görə ayrılıqda icbari tibbi sığorta haqqı ödəməsi, regionlarda müvafiq tibbi personalın və avadanlıqların çatışmazlığı və sair daxildir.
Turkustan.az xəbər verir ki, modern.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli isə deyir ki, Bakı şəhərinə, böyük şəhərlərə nisbətən regionlarda tibbi sığorta daha yaxşı işləyir: “Bu da onunla əlaqədərdir ki,regionlarda özəl tibbi müəssisələr, tibbi klinikalar məhdud şəkildədir. Əhalinin imkanları da aşağı səviyyədədir. Amma bir çox hallarda əhalinin əsasən ağır əməliyyatlarda həkimlərin əlavə vəsait tələb etməsindən şikayətlər var”.
İcbari sığorta ilə bağlı əsas məsələlərdən biri də həkimlərin maaşıdır. Ekspert deyir ki, Bakı şəhərinin sığorta tətbiq edilən xəstəxanalarında müalicədə problem yoxdur, müayinə edirlər, resept yazırlar.
“Xoşagəlməz halların səbəblərindən biri odur ki, əvvəllər bir əməliyyatdan həkim 2000-3000 pul alırdı. İndi sığortada həkimə 150 manat vəsait verirlər. Yəni, bu sığorta təminatının zəifliyi ilə əlaqədərdir. Tibbi sığorta zamanı həkimə normal əziyyət haqqı verilməlidir. Onun əziyyətinin haqqı ödənilməlidir. Həkim əməliyyatdan 3000 alırdısa, bundan tibb bacılarına, digər xərclərə pul verirdi. Özünə 1000 manat pul qalırdı. İndi sığorta həkimə daha az pul verir. Bu da sığortanın maliyyə bazasının zəifliyi ilə əlaqəlidir. Bu gün vətəndaş olaraq düşünürük ki, biz heç nəyi ödəməyək amma sığortalı xəstəxanada müalicə alaq. Bu da yanlış yanaşmadır”.
Qeyd edək ki, daha əvvəl Milli Məclisin deputatları icbari tibbi sığorta ilə bağlı bir sıra təkliflər səsləndirib. Təkliflər əsasən Xidmətlər Zərfinin genişləndirilməsi ilə bağlıdır. Parlamentin ötən ay keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir:
“154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”.