Son vaxtlar daha da populyarlaşan Hicamanın faydası ilə bağlı fikirlər müxtəlifdir, onu şəfa mənbəyi kimi görənlər də var, təhlükəli əməl sayanlar da. Məlumdur ki, hicama edənlərin çoxu bu proseduru ev şəraitində edirlər.
Bəs görəsən, ev şəraitində hicama edilməsi doğrudurmu? Ümumiyyətlə hicama kimlərə müsbət təsir edə bilər? Kimlər hicamadan uzaq durmalıdır?
Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış həkim, apiterapist və xalq təbabəti üzrə müalicə mütəxəssisi Seyfəddin Əsəd danışıb.
O, bildirib ki, professional şəxslər tərəfindən edilməyən hicama proseduru çox təhlükəlidir:
"Hicamaya münasibət birmənalı deyil. Hicamanı şəfa mənbəyi kimi görmək olar. Eyni zamanda, hicama professional olmayan şəxslər tərəfindən edildikdə təhlükəli ola bilər. Hicama banka ilə qanalma deməkdir, bəziləri bunu dini rituala çevirir, iddia edir ki, uşağı olmayana uşaq verir, xərçəngi sağaldır və s. Hicamanı bu şəkildə böyüdüb insanları aldatmaq olmaz.
Hicamanı yalnız professional həkim xəstəni yoxladıqdan sonra icazə verərsə qoymaq olar. Əgər xəstəyə hicamaya icazə verilmirsə, həkim bunu ona izah etməlidir ki, nə üçün olmaz".
Həkim bildirib ki, ev şəraitində bu proseduru qətiyyən icra etmək olmaz:
"Hicamanı ev şəraitində etmək düzgün deyil! Məsələn, bəzi şəxslərdə hemofiliya xəstəliyi ola bilər. Bu, qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu şəxslərə ev şəraitində, bilmədən hicama etsən o, qanaxmadan ölər.
Yaxud evdə hicama etdiyin şəxsin hepatitinin olub-olmadığını bilmirsən və ev şəraitində bütün antiseptik qaydalara riayət olunur, bu zaman ya sən xəstəni, ya da o səni hepatitə yoluxdura bilər. Mütləq həkim icazəsi olmalıdır, ev şəraitində qanalma etmək doğru deyil. Bu, təhlükəlidir!
Bəzən rastıma çıxır, görürəm ki, yaşlı adamların başına, qulağının dibinə, əllərinin içinə bankaları düzürlər. Fikirləşmirlər ki, həmin şəxsin yüksək qan təzyiqi ola bilər, bundan əlavə, yaşlı şəxslərin damarları onsuz da kövrək olur, bu zaman onların beyninə qan sıza, tromb əmələ gələ bilər, bu, ciddi fəsadlara səbəb ola bilər".
S.Əsəd bəzi xəstəliklərə hicamanın müsbət təsirlərindən danışıb:
"Hicama mioziti (qulunc) olan adamlara müsbət təsir edir. Miozit kürəkdə olan əzələlərin iltihabıdır.
Bu insanlara hicama təsirini tez göstərir, həmin şəxslər qısa zaman ərzində deyirlər ki, gözümə sanki işıq gəldi. Bundan əlavə, hicamanın psixoloji təsiri də var. Hicama yerli qan dövranını gücləndirir, xəstə xeyli yüngülləşir. Lakin qan xəstəliyi olanlar, qan laxtalanma sistemi pozulan şəxslər hicamadan uzaq durmalıdırlar.
Yadda saxlamaq lazımdır ki, hicama etdirməyi düşünənlər mütləq birinci həkimə müraciət etməlidir. Hicamanı hara etdirmək olar, hara olmaz soruşmalıdırlar. Bəzən baxıram ki, ayaqda varikoz damarların üzərinə banka qoyublar, hicama edirlər. Bunu etmək olmaz! Əvvəlcə müayinə olunmalısınız, qan və sidik analizi verməlisiniz. Daha sonra həkim icazə verməlidir, əgər hicama etdirmək olarsa, neçə banka qoyulmalı olduğuna həkim qərar verməlidir. Ən əsası isə bankanın qoyulma yerini bilmək çox vacibdir".