Dırnaqlar əl və ayaqların gözəl görünməsində ən mühüm amillərdən biridir. Buna görə də düzgün dırnaq baxımı həm sağlamlıq, həm də estetika baxımından əhəmiyyətlidir. Dırnaqlarda görünən deformasiyalar bəzən göz ardı edilir. Dırnaqdakı tünd xəttlər sağlamlıq problemlərinə işarə ola bilər.
Turkustan.az xəbər verir ki, Türkiyə Dəri Xəstəlikləri Dərnəyi Dırnaq Xəstəlikləri İşçi Qrupu Başçısı Prof. Dr. Fatih Göktay bununla bağlı paylaşım edib.
Həkim dəridə olan və insanların dəri rəngini təyin edən “melanin” adlı qəhvəyi-qara boyanın “melanosit” adlı hüceyrələr tərəfindən istehsal olunduğunu bildirib:
“Dırnaqlarda meydana gələn qəhvəyi və qara rənglərin dəyişməsi dırnaq altındakı melanositlərin sayının artması və boya çıxarmağa başlaması nəticəsində inkişaf edə bilər. Bu vəziyyət anadangəlmə ola bilər və ya daha sonra baş verə bilər. Dırnaq boyunca xətti və nöqtəli formalarda görünə bilər. Dırnaq altında yerləşən və dırnağın bütün və ya bir hissəsində baş verə bilən bu vəziyyət xərçəng xəstəliyinə işarə edə bilər”.
F.Göktay dırnaq melanomasının ciddiliyi ilə bağlı xəbərdarlıq edib:
“Dırnaq melanoması həyati təhlükəsi olan ən ciddi dırnaq xəstəliyidir. Dırnaq melanomalarının əksəriyyəti dırnaqda uzununa yerləşən qəhvəyi-qara xətt və ya zolaq şəklində başlayır. Dırnaq melanomaları daha az dərəcədə qəhvəyi-qara olmadan çəhrayı və ya qırmızı rəngdə də özünü göstərə bilər. Xəstəliyin qəti diaqnozu üçün dırnaq altındakı xəstə nahiyədən biopsiya almaq və patoloji müayinə aparmaq lazımdır. Erkən dövrdə müalicə alan xəstələrin sağ qalma nisbəti çox yüksəkdir.
Gəzərkən ayaq dırnaqlarının ayaqqabıya sürtülməsi, dırnaq yemə vərdişləri, müxtəlif dərmanlar, hamiləlik, hormonal xəstəliklər, dəri xəstəliklərinin ultrabənövşəyi müalicəsi, B12 vitamini çatışmazlığı, genetik meyl kimi bir çox faktorun dırnaq altında yerləşən yatmış melanositləri aktivləşdirə bilər. Xəstəlik dərinin alt qatlarına çatmadan əvvəl müalicə olunarsa, yüz faiz sağalmaq olar. Baxımlı dırnaqların ilk qaydası pəhrizinizə fikir verməkdir. Dəmir, sink, fol turşusu və B12 vitamini çatışmazlığı zamanı dırnaqlar qırılır, çatlayır və təbəqələşir”. /publika.az/