Bu şirniyyat qan damarlarının elastikliyini artırır və ürək xəstəlikləri riskini azaldır. Alimlər və həkimlər tünd şokoladın ürək-damar sistemi üçün faydalarına getdikcə daha çox diqqət yetirirlər.
Turkustan.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, mütəxəssislərin fikrincə, tünd şokoladın gündə təxminən 10 qramlıq orta miqdarda qəbulu qan damarlarının elastikliyini yaxşılaşdıra və ürək xəstəliklərinin riskini azalda bilər.
Avropa Qida Təhlükəsizliyi Mərkəzi qeyd edir ki, ürək xəstəliklərinin qarşısının alınmasında və müalicəsində yalnız dərmanlarla kifayətlənmək olmaz - qidalanma keyfiyyəti də əsas rol oynayır. Xüsusilə xroniki iltihab və aterosklerozla mübarizədə düzgün qidalanma vacibdir.
Tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad flavonoidlər baxımından zəngindir - bu maddələr güclü antioksidant təsirə malikdir. Onlar damar divarlarını möhkəmləndirir, mikroqan dövranını yaxşılaşdırır və "pis" xolesterin səviyyəsini azaldır. Flavonoidlər həmçinin iltihabı azaldır, təzyiqi normallaşdırır və trombların yaranmasının qarşısını alır. Bundan əlavə, tünd şokolad sinir sisteminə də yüngül stimullaşdırıcı təsir göstərir, endorfinlərin ifrazını artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır - bu isə ümumi sağlamlıq üçün də faydalıdır.
Lakin mütəxəssislər həddindən artıq şokolad istifadəsi barədə xəbərdarlıq edirlər. Unutmaq olmaz ki, şokolad yüksək kalorilidir və artıq miqdarda istifadə edildikdə çəki artımına və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet, hipertoniya və ya qaraciyər xəstəlikləri olan şəxslər şokoladı qidalanma planlarına daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Məhsulun tərkibinə də diqqət yetirmək vacibdir. Faydalı hesab edilən yalnız keyfiyyətli tünd şokoladdır - tərkibində çoxlu şəkər, ətirvericilər və trans yağlar olmamalıdır. Kakao tərkibi nə qədər yüksəkdirsə, sağlamlığa faydası da bir o qədər çoxdur. Nəticə olaraq, tünd şokolad yalnız şirniyyat deyil, həm də şüurlu qidalanmanın bir hissəsi ola bilər. Əgər ağıllı şəkildə istifadə olunarsa, ürək və damar sağlamlığının qorunmasında etibarlı köməkçiyə çevrilə bilər. /Lent.az/