Son günlərdə bağça və məktəblərdə suçiçəyinə yoluxma halları artıb. Hətta uşaqlar arasında suçiçəyinə ikinci dəfə yoluxma halları da müşahidə edilir.
Məsələ ilə bağlı Axar.az-a danışan pediatr Aytən İsmayılova bildirib ki, hazırda suçiçəyinə ikinci dəfə yoluxma halları nadir halda müşahidə edilir.
“Ümumi yoluxanlar arasında yüksək hərarət və ağırlaşımış halda suçiçəyi xəstəliyi keçirən uşaqlar görmürəm. Yoluxanların 10 gün təcrid olunması kifayətdir. Həmçinin xüsusi dərman və vitaminlərə də ehtiyac yoxdur. Sadəcə xəstələrin allergiya və səpki yarada biləcək, mədə-bağırsaq qıcıqlandıran qızarmış, yağlı, turş, rəngli qidalar, hətta sitrus meyvələrindən uzaq olması məqsədəuyğundur. Bu hallarda ev şəraitində tez bir zamanda sağalmaq mümkündür. Ancaq yoluxanlar arasında yüksək hərarət, narahatedici öskürək, səpkilərdə irinləmə halları müşahidə olunursa, artıq ağırlaşmadır və antibiotikə ehtiyac yaranır. Yenə də hər bir halda vəziyyəti dəyərləndirmək üçün pediatra müraciət etmək lazımdır”, - o bildirib.
Pediatrın sözlərinə görə, suçiçəyinə yoluxan uşaqların nə vaxt çimə biləcəyi ilə bağlı suallar da yaranır:
“Nəzərinizə çatdırım ki, bu müddət “sakit dönəm” olaraq keçməlidir. Ona görə də səpkili bədəni sürtmək olmaz, amma duş qəbul edə bilərlər”. /axar.az/