İngiltərədə dəri xərçəngi xəstələri üçün ümidverici bir addım atılıb.
Turkustan.az xəbər verir ki, Milli Səhiyyə Xidməti (NHS) inkişaf etmiş melanoma diaqnozu qoyulmuş xəstələr üçün xüsusi hazırlanmış xərçəng peyvəndini klinik sınaqdan keçirməyə başlayıb. Oksfordda yerləşən "Scancell" şirkəti tərəfindən hazırlanmış bu iynəsiz peyvənd immun sistemini gücləndirir, orqanizmin xərçəng hüceyrələrini tanımasına, onlara hücum etməsinə və yaddaşda saxlamasına şərait yaradır.
Peyvənd klassik inyeksiya ilə deyil, xüsusi cihaz vasitəsilə dərialtı tətbiq olunur. Bu üsul xərçəngin təkrarlanma riskini azaldır. Klinik sınaqlarda iştirak edən xəstələrdən biri, 63 yaşlı Pol Tomas ilk dəfə ötən il peyvənd olunub. 2017-ci ildə inkişaf etmiş melanoma diaqnozu qoyulan Tomas peyvənddən sonra şişlərinin kiçildiyini və özünü çox şanslı hiss etdiyini bildirib.
Mütəxəssislər qeyd edirlər ki, bu müalicə metodu xərçəng terapiyasında inqilabi dönüş yarada və fərdi tibbi yanaşmalara geniş yol aça bilər. NHS-in hədəfi 2030-cu ilə qədər bu peyvəndlə 10.000 xəstəni müalicə prosesinə cəlb etməkdir. Ölkədə 350-dən çox pasiyent bağırsaq xərçəngi peyvəndi üzrə klinik sınaqlarda iştirak edir. /Cebheinfo.az/