"Uşaqlar arasında yayılan virusların müxtəlif növləri mövcuddur. Viruslar təkcə uşaqlar deyil, bütün yaş qrupları üçün müəyyən dərəcədə təhlükəli ola bilər. Ancaq uşaqların immun sisteminin fərqli olması onların daha həssas olmasına səbəb olur".
Bunu "Yeni Sabah"a infeksionist Aytən Ziyadova bildirib.
Onun sözlərinə görə, hazırda uşaqlar arasında ən çox yayılan viruslara soyuqdəymə, qrip, rotavirus (gastroenteritə səbəb olan virus) və müxtəlif respirator xəstəliklər, xüsusilə COVID-19-un yeni ştammları daxildir:
"Bundan başqa, uşaqlarda müəyyən fəsadlara səbəb ola biləcək məxmərək və suçiçəyi kimi viruslar da mövcuddur”.
Həkim qeyd edib ki, uşaqların virusa yoluxmasının qarşısını almağın ən yaxşı yolu gigiyena qaydalarına riayət etməkdir:
“Əllərin tez-tez sabunla yuyulması və ya əl dezinfektanından istifadə edilməsi, çox insanın toplandığı yerlərdə maska taxılması, sosial məsafənin qorunması, hava ventilyasiyasının təmin olunması və məktəb, ev kimi mühitlərin mütəmadi təmizlənməsi mühüm rol oynayır. Eyni zamanda, uşaqların immun sistemini gücləndirmək üçün onların balanslı və sağlam qidalanması da vacibdir.
Viruslar, adətən, hava-damcı yolu ilə, yəni öskürək, asqırıq, yaxın təmas və ya bədənin digər mayeləri vasitəsilə yayılır. Buna görə uşaqların xəstə insanlarla təmasdan uzaq durması tövsiyə olunur”.
A.Ziyadova vurğulayıb ki, uşaqlar üçün virusların yaratdığı təhlükə onların yaşı və ümumi sağlamlıq vəziyyəti ilə bağlı olaraq dəyişə bilər:
“Bəzi viruslar yüngül simptomlarla keçsə də, digərləri daha ciddi fəsadlara yol aça, xüsusilə, astma, xroniki xəstəliklər və ya zəif immun sistemi olan uşaqlar üçün bu viruslar daha ciddi təhlükə yarada bilər”.