El arasında “qara su” adlandırılan qlaukoma göz içi təzyiqinin artması nəticəsində görmə sinirinin zədələnməsi ilə yaranan ciddi xəstəkdir. Bu xəstəlik zamanı görmə itkisi yaranır, müalicəsi yubanarsa, tam korluq baş verə bilir.
Bu xəstəlik gözü tədricən zədələyir və erkən mərhələlərdə onun hansısa simptomu hiss edilir. Məhz buna görə də onu "səssiz görmə oğrusu" adlandırırlar.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə dünyada kor olan insanların 14%-dən çoxu qlaukoma üzündən görmə qabiliyyətini itirib.
Bəs, Azərbaycanda qlaukoma ilə bağlı vəziyyət nə yerdədir?
Bizim.Media bununla bağlı Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Musayevlə (Qəlbinur) söhbətləşib.
Alim bildirib ki, xəstəliyin yaranma səbəbi əsasən irsidir: “Qlaukoma korluğu yaradan əsas səbəblərdən biridir. Qədimdən indiyədək insanlar bu xəstəlik üzündən çox əziyyət çəkiblər.
Bunun əsas yaranma səbəbi irsidir. Yəni nəsildə kimdəsə varsa, o mütləq özünü biruzə verir.
Amma başqa xəstəliklərin, zədələnmələrin fəsadı kimi də ortaya çıxa bilir. Onu tam şəkildə sağaltmaq, aradan qaldırmaq hələlik tibb elminə müəssər olmayıb. Oftolmoloqlar yalnız onun fəsadlarını aradan qaldırmaq üçün xəstəliyi çəpərə ala bilirlər. Medikamentoz, yaxud cərrahi yolla yalnız xəstəliyi dayandırmaq, irəliləməsinə əngəl olmaq mümkündür. Qeyd etdiyim yollarla gözün görmə qabiliyyətinin tam itməsini əngəlləmək olur”.
Paşa Qəlbinur xəstəliyin tez görünən əlamətləri olmadığı üçün gözündə narahatlıq hiss edən hər kəsin vaxtında həkim nəzarətindən keçməsinin vacib olduğunu qeyd edib:
“Gözündə narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir ki, qlaukoma ilə üzləşməsinlər. Tutaq ki, 50 faiz görmə itibsə, həkim qalan 50 faizin saxlanılması üçün mübarizə aparır”.
Oftalmoloq-cərrah qlaukomaya şübhə yaradan bəzi əlamətlərin mövcud olduğunu da qeyd edib:
“İşığın mənbəyinə baxanda orada göyqurşağına bənzər həlqələrin yaranması bunun bir əlamətidir. Bəzən insanların ürəyi ağrıyır, o ağrını gözündə də hiss edir, bu da, bir əlamətdir.
Gözündə təzyiq hiss etmək də bu qəbildən olan şikayətdir. Əvvəllər göz üçün 4-5 damcı preparatı var idi. İndi onların sayı 200-dən çoxdur. Tibb irlilədikcə aparılan tədqiqatlar dərmanların effektivlik gücünü artırıb. Bunlarla yanaşı, qlaukomanın xeyli sayda formaları da kəşf edilib. Əslində həmin xəstəliklər mövcud idi, sadəcə həkimlər bu barədə məlumatsız idilər.
Qeyd edək ki, dünyanın məşhur oftalmoloqları damlalarla gözün görmə qabiliyyətini uzun müddət saxlamaq olmadığını düşünürdülər. Amma son illər həkimin tapdığı yeni metod - “Qlaukomada Musayev üsulu” bu xəstəliyin müalicəsində yeni səhifə açıb:
“Bu üsulun mahiyyəti ondan ibarətdir ki, qlaukomada gözün içərisində bir trabekula var: yəni trabekulyar sahə, bioloji tor. Bu, gözdaxili mayenin axmasına mane olur. Bu tədqiqat nəticəsində məlum oldu ki, gözün bir hissısində elə bir təbiət var ki, başqa bir hissəni əvəz edə bilər. Doğrudur, funksiyası başqadır, amma onun yerinə əvəzləyici hesab etdiyimizi qoyduqda, bu funksiyanı da yerinə yetirir. Sən demə, gözün billur qişasının kapsulası ilə trabekula eyni imiş. Birini o biri ilə əvəzləyəndə, müsbət nəticə alındı.
Bu kəşf orqan və toxuma transplantasiyasında yeni bir istiqamət oldu. Hazırda müxtəlif ölkələrdə cərrahlar da bu tip əməliyyatlar həyata keçirirlər. Onlar ürəyin arxa divarının hissəsinin kürəkdə olan bir əzələ qrupu ilə eyniliyini aşkarladılar. Bununla da ölüm riski xeyli azaldı. Sonra oxşar transplantasiyalar tibbin başqa sahələrində də tətbiq olunmağa başladı. Hazırda bu üsul dünya oftolmologiyasında ən effektlisi hesab olunur.
Çünki büllur qişanın kapsulasını gözün sıradan çıxan nahiyəsinə köçürməklə lazımi nəticəni əldə edirsən. Bu üsul başqa üsullardan fərqli olaraq, idarəolunandır və bununla əməliyyatdan sonra yarana bilən fəsadların qarşısını almaq mümkündür.
Söhbət əsnasında professor bir maraqlı məqamı da qeyd elədi:
“Qlaukomanın bir forması da eksfoliativ sindromlu qlaukomadır. Bu, tam genetik yaranan bir xəstəlikdir. Apardığım araşdırmalar zamanı məlum oldu ki, bu xəstəlik dünyada ən çox bizim ölkəmizdə və Norveçdə qeydə alınıb. Tanınmış norveçli səyyah Azərbaycana səyahətə gəlmişdi. O, Qobustan qayaüstü abidələrini görəndə demişdi ki, bu cür təsvirlər onun ölkəsində də var.
Mən də ona eksfoliativ sindiromlu qlaukoma xəstəliyinin statistikasını dedim və qeyd elədim ki, bu xəstəlik ən çox Azərbaycanla Norveçdə var. Bu fakt onun Norveç əhalisinin Azərbaycandan köçməsi ilə bağlı ilk baxışdan inanılmaz olan fikirlərini təsdiqlədi”.