Qırmızı ət yeyənlərin 70 yaşına çatma ehtimalı azdır - ARAŞDIRMA


Qırmızı ətin zərərləri ilə bağlı aparılan araşdırmanın nəticələri məlum olub.

Turkustan.az-ın məlumatına görə, nəticələr martın 24-də “Nature Medicine” jurnalında dərc olunub.

Qırmızı ət B vitaminləri, protein və dəmir mənbəyi kimi mühüm üstünlüklərə malikdir. Lakin eyni zamanda yüksək miqdarda xolesterin və doymuş yağlar da ehtiva edir ki, bunlar ürək-damar xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, işlənmiş ət məhsullarında (kolbasa, sosis və s.) olan bəzi qoruyucu maddələr və yüksək temperaturda bişirmə zamanı yaranan kimyəvi maddələr xərçəng riskini artıra bilər.

Araşdırma çərçivəsində 100 minə yaxın amerikalı səhiyyə işçisinin qidalanma vərdişləri və sağlamlıq göstəriciləri uzun illər boyunca izlənilib. Nəticələr göstərib ki, ən çox qırmızı ət yeyən insanların sağlamlığı daha pisdir. Onların 70 yaşına çatma ehtimalı daha az olub, uzunömürlü olanlar isə xroniki xəstəliklərdən daha çox əziyyət çəkib.

Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi də müşahidə tədqiqatlarına əsaslanaraq, gündə 100 qram qırmızı ət istehlak edən şəxslərin xərçəngə tutulma riskinin 17%, 50 qram işlənmiş ət yeyənlərin isə 18% artdığını bildirir.

Bütün bunlara baxmayaraq, az yağlı qırmızı ət yeməyin ciddi bir təhlükə yaratmadığı düşünülür. Lakin mütəxəssislər qidalanma vərdişlərinin daha vacib olduğunu vurğulayır. /modern.az/


MANŞET XƏBƏRLƏRİ