Diabet xəstələrinin diqqətinə: Bu qidalar sizi öldürə bilər!


Diabet – bədənimizin şəkəri düzgün idarə edə bilməməsi nəticəsində yaranan ciddi xəstəlikdir. Həddindən artıq şəkər qəbulu və ya nəzarətsiz qidalanma diabet xəstələrində ölümcül nəticələrə gətirib çıxara bilər. Xüsusilə bəzi qidalar var ki, onları çox miqdarda qəbul etmək qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olaraq ürək-damar xəstəliklərindən tutmuş, böyrək çatışmazlığına qədər bir çox təhlükəli vəziyyət yarada bilər.

Turkustan.az Yenisabah.az-a istinadən diabet xəstələri üçün son dərəcə təhlükəli olan qidaların siyahısını təqdim edir:

Şəkər və şəkər tərkibli qidalar:

Qənnadı məmulatları, qazlı içkilər, konfetlər və şirin desertlər diabet xəstələri üçün ən təhlükəli qidalar sırasındadır. Bu qidalar qanda şəkəri sürətlə yüksəldərək insulin müqavimətini artırır və ciddi fəsadlara səbəb ola bilər. Hətta bəzi hallarda şəkər şoku və komaya belə gətirib çıxara bilər.

Ağ çörək və digər un məmulatları:

Ağ çörək, bulka, makaron və digər işlənmiş taxıllar sadə karbohidratlarla zəngindir. Bu cür qidalar qana sürətlə sorularaq şəkərin kəskin yüksəlməsinə səbəb olur. Onların əvəzinə tam taxıllı çörək və liflə zəngin məhsullara üstünlük vermək məsləhətdir.

Qızardılmış və yağlı yeməklər:

Fəst fud məhsulları, qızardılmış kartof, dönər, yağda qızardılmış toyuq diabet xəstələri üçün ən zərərli qidalar sırasındadır. Bu qidalar damarları tıxayaraq ürək-damar xəstəlikləri riskini artırır. Üstəlik, trans yağlar insulin müqavimətini gücləndirir və qanda şəkərin balansını pozur.

İşlənmiş ət məhsulları:

Kolbasa, sosiska, hisə verilmiş ətlər və konservləşdirilmiş ət məhsulları yüksək duz və zərərli qatqılar ehtiva edir. Bu qidalar yüksək təzyiq və böyrək problemlərinə səbəb olaraq diabetin ağırlaşmasına gətirib çıxara bilər.

Meyvə şirələri və bəzi meyvələr:

Meyvə şirələri çox vaxt sağlam alternativ kimi görünsə də, əslində içərisində təbii şəkər miqdarı yüksəkdir. Portağal, üzüm, manqo kimi meyvələr isə çox şəkər ehtiva etdiyi üçün diabet xəstələri üçün təhlükəli ola bilər. Onların əvəzinə az şəkərli meyvələr – alma, armud və giləmeyvələr daha uyğundur.

Süd və süd məhsulları:

Yağlı süd, qaymaq, pendirin bəzi növləri diabet xəstələri üçün problemlər yarada bilər. Bu məhsulların tərkibindəki doymuş yağlar insulin müqavimətini artırır. Əgər süd məhsulları istehlak edirsinizsə, az yağlı variantları seçməyə çalışın.

Enerji içkiləri və spirtli içkilər:

Enerji içkiləri və spirtli içkilər bədənə çox tez təsir edərək şəkəri anidən yüksəldir. Bundan əlavə, spirt qaraciyərin funksiyasına mənfi təsir göstərərək insulin istehsalına mane ola bilər. Xüsusilə pivə və şirin kokteyllər diabet xəstələri üçün risklidir.

Qeyd edək ki, diabet xəstələri üçün düzgün qidalanma həyati əhəmiyyət daşıyır. Yanlış qidalar təkcə şəkəri yüksəltməklə qalmır, həm də ürək, böyrək və sinir sisteminə ağır zərbə vurur. Sağlam qidalanmaq və balanslı qidaları seçmək diabetin fəsadlarını azaltmağa və ömrü uzatmağa kömək edir.


MANŞET XƏBƏRLƏRİ