Fevralın 2-si Gənclər Günüdür. İstəyirəm ki, sizə ABŞ-da yaşayan bir gənc haqqında söhbət açım. Allah bütün gənclərimizin yolunu açıq, taleyini gözəl eləsin!
Cəmi 33 yaşı var, amma 33 il iş təcrübəsi olan bəzi həkimlərdən çox iş görüb, çox adama şəfa verib, necə deyərlər, bu insan, sanki anadan cərrah olmaq üçün doğulub.
Haqqında söhbət açdığım Firudin Azəri mərhum Seyid Cəfər Pişəvərinin bacısı nəvəsidir. Bakıda dünyaya gəlib. 2003-cü ildə 7-ci sinfi 7 nömrəli məktəbdə bitirdikdən sonra, Kanadaya köçüb. 2009-cu ildə tam orta təhsilini Kanadanın Fort Erie şəhərində başa vurub. Həmin il ABŞ-a gələrək, Corc Meyson Universitetinin fiziki kimya fakultəsinə qəbul olunub. Orada tam təqaüdlə oxuyb və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Bununla kifayətlənməyib, 2013-2017-ci illərdə Virciniya Universitetinin tibb fakultəsində MD həkimlik dərəcəsinə yiyələnib. Bu elm ocağında təhsil aldığı dövrdə apardığı tədqiqatlara, qazandığı ballara görə universitet üzrə ən yaxşı 10 məzundan biri, cərrahiyə üzrə isə birinci olub. Sonra bir neçə il Filadelfiya şəhərinin Pensilvaniya Universitetinin cərrahiyə fakultəsində ilk azərbaycanlı kimi rezidentura keçib. O, bu fakultədə elmi araşdırmalar və cərrahi əməliyatlar aparmaq üçün min həkimin arasından seçilən səkkiz nəfərdən biri olub. Firudin daha sonra Klivlend Klinikasında kardiotorasik cərrahiyyə üzrə təcrübəyə qoşulub. Bununla da dünyanın ən böyük ürək cərrahiyyəsi konfransında (Amerika Toraks Cərrahiyyəsi Assosiasiyası) 10000 təqdimatdan 6 spiker seçilib ki, onlardan biri də, o olub...
“Belə böyük tədbirlərdə Azərbaycanı təmsil etməkdən şərəf duyuram. Harada olursam olum, Azərbaycanın adını yüksəltməyə çalışıram.”- söyləyr.
Qısa müddətdə bir neçə mükafata layiq də görülüb- "Cərrahiyə üzrə R.Skott Cons mükafatı" və "Hemotologiya üzrə Samuel Maykl Bruk adına mükafat"…
…O vaxt Virciniya Universitetində təhsil alanda təsadüfən bir tələbə orada çalışan həmyerlimiz, cərrah Rauf Şahbazova xəbər aparır ki, bəs universitetdə bir azərbaycanlı tələbə var. Görüşüb tanış olurlar. Sonradan, bu tanışlıq dostluğa çevrilir. Birlikdə "Azərbaycan Amerika Tibb Asossasiyası"nı təsis ediblər. İndiyədək təşkilat xeyli layihələr həyata keçirib. Hətta Azərbaycandan ABŞ-a tibb sahəsində oxumağa gələn bir neçə tələbəyə yardımçı da olub…
18 il karatenin şotakan, enşin növü ilə məşğul olub. Caz musiqisini dinləməkdən yorulmur, internet üzərindən Azərbaycan radiolarına qulaq asır…
Söhbətimi bu yerdə bitirmək istəyirdim, amma bu gənc oğlanın həm də necə qeyrətli oğul olduğuna dəlalət edən bir hadisəni də nəzərinizə çatdırmağı lazım bildim. 22 ildir xaricdə yaşamasına baxmayaraq, milli kimliyini itirməyib. Uşaqlıqdan amerikalılar arasında yaşayıb böyüsə də ana dilində səlist danışır. Bir neçə il bundan əvvəl isə, altı yaşından ABŞ-da böyüyən Jalə Seyidzadə ilə tanış olaraq ailə həyatı qurub. Bir övladı var...
Bəli, bizdən çox-çox uzaqlarda Azərbaycana baş ucalığı gətirən Firudin Azərinin timsalında bütün gənclərimizi Gənclər Günü münasibətilə təbrik edirəm!
Elman Eldaroğlu