Məlum olduğu kimi, ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) ərzaq və içkilərdə geniş istifadə edilən “Qırmızı No.3” adlı sintetik boyanın qida tədarük zəncirindən çıxarılmasına dair qərar qəbul edib. Bu qərar elmi adı “FD & C Red No. 3” olan qatqının potensial xərçəng riski ilə əlaqədardır. “Qırmızı No.3” boyası xüsusilə qənnadı məhsullarında, konfetlərdə və bəzi qəlyanaltılarda rəngləmə məqsədilə istifadə olunurdu. Lakin laboratoriya siçanları üzərində aparılan tədqiqatlar maddənin xərçəngə səbəb ola biləcəyini ortaya qoyub. Bu səbəbdən FDA bu qatqının qida sənayesində istifadəsinin hüquqi və elmi baxımdan təhlükəli olduğunu təsdiqləyib. FDA-nın bu qərarı istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Mütəxəssislər qida təhlükəsizliyinə potensial təhdid yaradan bu cür maddələrin tədricən aradan qaldırılmasını mühüm addım kimi dəyərləndirirlər.
Qeyd edək ki, bu məsələ ilə bağlı mübarizə uzun illərdir davam edirdi. 2022-ci ildə 24 qeyri-kommersiya təşkilatının qida rənginin qadağan edilməsi üçün FDA-ya təqdim etdiyi petisiya rəsmi olaraq qəbul olunub və qərarın hüquqi əsasını təşkil edib.
Səhiyyə təşkilatları bu qərarın daha geniş qida boyalarının təhlükəsizliyinə dair müzakirələrə yol açacağına ümid edir.
Qida texnoloqu Ağa Salamov Bakupost.az -a bildirib ki, şirniyyatların tərkibində zərərli kimyəvi maddələr, müxtəlif rəngləndirici və dadlandırıcılar olması hər kəsə məlumdur. Eyni zamanda “Qırmızı No.3” adlı toz şəklində olan sintetik boyanın orqanizm üçün zərərli və təhlükəli olduğu barədə də dəfələrlə xəbrdarlıq edilib:
“Məlumdur ki, qidaların tərkibində olan zərərli kimyəvi maddələr orqanizmdə xərçəng riskini artırır. Bu barədə cəmiyyətə geniş məlumat verilib. İnsanlar şəkərli qidaları mümkün qədər az istehlak etməlidirlər. Şəkər, qlükoza boş karbohidratdır. Bunlar qanda triqlisidlerə - pis xolesterinə çevrilir. Bu da ürək, qan damar sistemi pozuntularına gətirib çıxarır, damarlarda tıxanıqlığı, şəkərli diabet, insult riskini artırır, qara ciyərdə piylənməyə səbəb olur. Burada söhbət rafinə olunmuş şəkərdən gedir. Rafinə olunmuş şəkər isə “ağ ölüm”, “ağ zəhər”dir. Rafinə olunmuş un məmulatları da eynilə bu cürdür. Rafinə olunmuş ağ un da şəkərdən geri qalmır. Həmçinin rəngli, qazlı içkilər də eyni dərəcədə sağlamlıq üçün təhlükədir. Ona görə də istehlakçı gün ərzində nə qədər şəkər istehlak etdiyini bilməlidir. Məhsulun tərkibindəki digər inqridiyentlərlə yanaşı, şəkərin miqdarının da etiketdə göstərilməsi vacibdir ki, istehlakçı nə qədər şəkər istehlak etdiyini bilsin. İstehlakçı bilməlidir ki, bu, rafinə olunmuş şəkərdir, boş karbohidratdır, heç bir vitamin, mineral ehtiva etmir, amma orqanizmə böyük ziyan vurur”.
A.Salamovun sözlərinə görə, rafinə olunmuş şəkər təbii şəkərlə əvəz edilməlidir:
“Bizim mətbəximizdə yer alan təbii şəkərlər var. Məsələn, darçın, təbii bal, doşab. və.s. Bu məhsullardan istifadə olunması daha məqsədəuyğundur”.
Qida üzrə mütəxəssis Asim Vəliyevin dediyinə görə, bəzi müstəqil araşdırmalar qida qablaşdırmasında və qidalarda istifadə olunan qida boyalarının uşaqlarda hiperaktivliyi artırdığını ortaya çıxarır:
"Ancaq hər uşağın orqanizmi bu boyalara eyni reaksiya vermir. Hiperaktivliyi olan uşaqların digər uşaqlara nisbətən həsaaslığı daha çoxdur. Blue 2 üzərində aparılan araşdırma onun yüksək dozada qəbulunun xərçəngə səbəb olduğunu ortaya qoyub. Ancaq bəzi araşdırmaçılar bunu demək üçün lazımi sübut olmadığını bildirir. Qırmızı 3 olaraq tanınan eritrosin ən mübahisəli boyadır. Nəticə olaraq deyə bilərik ki, qidalarda istifadə olunan qırmızı 40, mavi 1, sarı 5 və 6 nömrəli qida boyaları həssas insanlarda allergik reaksiyalara səbəb ola bilir. Xüsusilə uşaqların qida boyası istifadə olunmuş qidalardan uzaq durması lazımdır. Nəzərinizə çatdıraq ki, qida boyaları ilə bağlı aparılan araşdırmaların əksəriyyəti heyvanlar üzərində aparılan araşdırmalardır".
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, qida əlavələri dedikdə, ərzaq məhsullarının istehsalı zamanı tərkibə əlavə edilən “qarışıqlar” nəzərdə tutulur. Qidanın ləzzətini, qoxusunu artırmaq üçün ona müxtəlif kimyəvi maddələr qatılır. Bu maddələrə qoruyucular, rəngləndiricilər, dadlandırıcılar aiddir. Hazır qidalar, içindəki kimyəvi maddələr və qatqılar səbəbilə insan sağlamlığına təbii ki, çox böyük zərər yetirirlər:
“Hazır qidalara qatılan süni şirinləşdirici dadlandırıcılar 25 faiz hallarda xərçəng yaradır. Süni şirin dadlandırıcı və rəngləndirici maddələr marketlərdə və satışda olan 10 000 adda ərzaq və içkilərdə var. Günümüzdə dünyada qida çeşidliliyinin artması sağlamlıq baxımından deyil, biznes maraqlarından irəli gəlir. İnsanlar həmin qidaları qəbul etdikləri zaman sağlamlıqlarına ciddi zərər dəyir”.
M.Hüseynovanın sözlərinə görə, kimyəvi qatqılar orqanizmdə həzm olunmadığına görə yığılıb qalır və daha çox qaraciyərlə böyrəklərdə problemə gətirib çıxarır:
"Rəngli içkilərin tərkibində “natrium benzonat”, “monopotasium qlutomat” və yaxud “monokalium qlutomat” mövcuddur. Bu maddələr sintetik mənşəli olduğuna görə insan orqanizminə təsir göstərir. Bəzən onların üstündə hiyləli terminlərdən istifadə edirlər, insanlar buna aldanır və onu qəbul etdikdə sanki ağartı məhsulları qəbul etdiyini sanır. Halbuki kimyəvi qatqılarla hazırlanmış süni məhsullardır”.
O vurğulayıb ki, uşaqlara verilən zərərli qidalar arasında süni rəngləndirici qidalar ilk sırada durur:
"Bu qidalar əqli inkişafı 7-10 faiz qədər gerilədir. Hüceyrələrin funksiya pozğunluqlarına səbəb olur. Süni rəngləndiricilər azyaşlılarda diqqət əksikliyi, hiperaktivliyə səbəb olur".