Hazırda siqaretdən daha təhlükəsiz olduğu zənn edilən elektron siqaretin yeni və daha təhlükəli fəsadları meydana çıxıb.
Turkustan.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024-cü il hesabatı əsasında çağırış edən türkiyəli mütəxəssislər elektron siqaretin “Evali” sindromu yaratdığını bildiriblər.
Mütəxəssislərin rəyinə görə, “Evali” elektron siqaretlər və ya vapinq cihazları səbəbindən inkişaf edən kəskin ağciyər zədəsidir və tənəffüs çatışmazlığına, hətta ciddi tənəffüs çətinliyinə səbəb ola bilər. Belə ki, elektron siqaretlərin adi siqaretlərdən daha az zərərli olduğu təbliğ edilsə də, onların tərkibində oxşar toksinlər var. Ağır, xüsusilə, su buxarında həll oluna bilən metallar ağciyərlərə daha çox ziyan vurma potensialına malikdir.
“Evali” simptomları Covid-19 və qrip kimi xəstəliklərlə qarışdırılır. Diaqnozun qoyulmasında viral infeksiyaların istisna edilməsi vacibdir. Mütəxəssislər deyirlər ki, PCR testləri, eləcə də digər üsullarla virus və ya bakterial infeksiyanın olmadığı müəyyənləşdikdən sonra xəstənin elektron siqaretdən istifadə tarixçəsi araşdırılaraq diaqnoz qoyula bilər.
“Evali” sindromu ağciyərlərdə fibroz (sertləşmə) kimi qalıcı zədələrə səbəb ola bilər. Elektron siqaretlər ilk dəfə 2003-cü ildə lisenziyalaşdırılıb və bu siqaretdən istifadə edənlərdə “Evali” 2019-cu ildə müəyyən edilib. Türkiyəli mütəxəssislər həyəcan təbili çalıblar ki, bu xəstəliyə yoluxma halları ildən-ilə artır və gələcəkdə gənclər arasında daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu səbədən yeniyetmələr və böyüklər elektron siqaretlərin təhlükələrindən xəbərdar olmalı, onlardan istifadə etməkdən çəkinməlidirlər. /pravda.az/
Xatırlatma: ÜST 2021-ci ildə nəşr etdiyi “Qlobal tütün epidemiyasında yeni və yaranmaqda olan məhsullara dair” adlı hesabatında da elektron siqaretin sağlamlığa mənfi təsirlərinə diqqət çəkmişdi. Hesabatda vurğulanmışdı ki, elektron siqaretlər tütün məmulatlarına bənzər toksinlər ehtiva edir və ağciyərlərin sağlamlığına təhdiddir.