"Donuz Qripi" öldürür: Bu təhlükədən necə qorunaq? - MÜSAHİBƏ


Donuz qripi tənəffüs yollarının iltihabıdır və donuzlar arasında yüksək yoluxuculuğu olan respirator virus infeksiyasıdır.

Bu qrip virusunun yeni ştammıdır və güman edilir ki, iki köhnə qrip virusunun eyni donuzu yoluxdurması nəticəsində yaranıb. Bu xəstəliyi A tipli bir neçə donuz qripi viruslarından biri olan H1N1 virusu törədir. Bu virusun donuzdan insana yoluxması nadir haldır. Lakin donuz qripi virus infeksiyası insandan insana sürətli şəkildə yayılır.

Donuz qripi infeksiyası ilə yoluxmuş donuzla təmas və kontaminə olmuş ətraf mühitdən yoluxma mümkündür. Bu virus mövsümi qripdən daha sürətli yayılır ancaq öldürücülük qabiliyyəti mövsümi qripdən azdır. Donuz qripinə 6 aylıq körpələrdən 24 yaşa qədər şəxslər çox həssasdır. Daha çox bu yaş qrupunda yoluxma halı qeydə alınır. Uşaqlarda daha ağır keçir. 65 yaşdan yuxarı şəxslərdə bu virusa həssaslıq minimal səviyyədədir. Bu yaş qrupunda yoluxma çox az qeydə alınıb.

Bir neçə gün öncə Gürcüstanda bu virusdan bir neçə nəfərin həyatını itirdiyi ilə bağlı rəsmi şəkildə məlumat verildi. Bu isə qonşu ölkə olaraq təbii ki, bizi də narahat etməyə və qabaqlayıcı təbdirlər görməyə vadar edir. Bəs bu virusdan necə qorunaq və ya yoluxma zamanı hansı addımları ataq? Turkustan.az olaraq bu suallarımızı tibb üzrə elmlər doktoru, professor Adil Qeybullaya ünvanladıq.

Qonşu Gürcüstanda artıq bu virusdan həyatını itirənlər var. Ölkəmizə keçmə və yayılma ehtimalı yüksəkdirmi?

Bu virus dəfələrlə yer kürəsində irimiqyaslı pnevmoniya yaradıb. Virusa yoluxanlar çox ağır keçirdir. Bu vaxtilə Amerikada yayılmışdı və onun vaksinasiyası da uğursuz oldu. Xəstəlik sezon qripi kimi başlayır və temperatur 39, 39, 5-ə qədər qalxır. Baş, oynaq ağrıları, halsızlıq, zəiflik, burun axması, quru öskürək kimi əlamətlərlə özünü göstərir. Daha sonra isə ishal, qusma, ürək bulanma halları baş verir. Bildirim ki, bu virus çox sürətlə yayılır.

Virusa yoluxanlar hansı şəraitdə müalicə almalıdır?

Xəstəliyə yoluxanlar mütləq yataq rejimində qalmalı və davamlı müalicə almalıdır. Bu virusa dırnaqarası yanaşmaq olmaz. Virus hava-damcı yolu ilə yayılır, ona görə maksimum kontaktdan qaçmaq lazımdır. Bu virus heyvanları da xəstələndirir, ancaq insanlarda vəziyyət daha ağır olur. Antibiotiklərin qəbul edilməsini qəti şəkildə məsləhət görmürəm. Müvafiq əlamətlər olarsa, həkim göstərişi ilə antibiotik qəbul edilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ