Çindəki təhlükəli virus Azərbaycana da çatıb?


Xəbər verdiyimiz kimi, Çində insan metapnevmovirusu yayılıb.

Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur. Bildirib ki, xəstəlik artıq yerli səhiyyə sisteminə əhəmiyyətli yük yaradıb.

Xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir. Eyni zamanda, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər respirator viruslar da yayılır. Patogen, ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaradır.

Son bir ayda aparılan təhlillərə əsasən insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları xəstəliklərinə yoluxurlar. Bununla əlaqədar tibb mütəxəssisləri iqtidar və sakinləri yoluxma riskini azaltmaq üçün maska istifadəsi və müntəzəm əl dezinfeksiyası da daxil olmaqla şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırlar. Son zamanlar ölkəmizdə də insanlar oxşar hallarla rastlaşır.

“Hər il olduğu kimi, bu ildə mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması müşahidə olunur. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır”.

Bunu Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.

Onun sözlərinə görə, əsas simptomlar arasında 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürəkdir:

“Virus infeksiyaları hava damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə, gigiyenik qaydalara riayət edilməlidir, insanların kütləvi toplandığı yerlərdən uşaqlar uzaq tutulmalıdır. Evdə xəstə uşaq varsa, digər şəxslərlə ünsiyyət minimuma endirilməlidir. Qızdırma salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunur. Çoxlu maye qəbulu, yüksək kalorili və bol vitaminli qidalar eyni zamanda meyvə-tərəvəz yeyilməsi vacibdir”.

Bəlkə bizdə də yayılan elə bu xəstəlikdir?

Mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə “Cebheinfo.az”-a bildirib ki, ölkəmizdə yayılan xəstəliyin metapnevmovirus olduğunu demək çətindir. İnfeksionist qeyd edib ki, bunun üçün mütləq rəsmi qurumlar rəsmi açıqlama verməlidir:

“İstənilən infeksion xəstəliyə diaqnoz mütləq olaraq laborator müayinə metodlarına əsaslanmalıdır. Bu metapnevmovirusa da diaqnoz qoymaq üçün mütləq PSR müayinəsini nəticəsi lazımdır.

Metapnevmovirus isə kəskin respirator virus infeksiyasılarıdır.

Onların hamısının əlamətləri bir-birinə bənzəyir. Məsələn, qrip, koronovirus, paraqrip və s. Bu, sadəcə infeksiyadır və mövsimi xarakter daşıyır. Ümumi olaraq infeksiyalarda qış-yaz aylarında artım müşahidə edilir. Ola bilsin ki, Çində də bu infeksiyalardada artım müşahidə edilib. Ümumi deyə bilərəm ki, ölkəmizdə yayılan mövsimü xəstəlikdir. Payız, qış, yaz ayları kəskin respirator virus infeksiyalarının yayılma dövrüdür. Bu infeksiyalara qış aylarında daha çox rast gəlinir. Adicə qripin neçə streotipi xəstəlik törədə bilər. Rast gəlinənlər qripin müxtəlif streotipləridir. Hesab etmirəm ki, bizim ölkədə bu virus var”.

Həkim bildirib ki, bu, dünya üçün yeni bir virus olmadığından, təşvişə əsas yoxdur:

“Çünki Çində təzə yayılmağa başlayıb. Əslində bu virus Çində də yeni deyil. Virus 2001-ci ildə Hollandiyada uşaqlar arasında tənəffüs yolu infeskiyalarına yoluxmalar nəticəsində kəşf olunub.

Bu, cəmiyyət üçün yeni bir virus deyil. Ümumiyyətlə, metapnevmovirusların quşlar və insanlar arasında müxtəlif növləri var”.


MANŞET XƏBƏRLƏRİ