Sağlam hamiləlik üçün preqravidar hazırlıq adlanan bir mərhələdən keçmək önəmlidir.
Bunu Modern.az-a açıqlamasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, həkim mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə Əmirova deyib.
“Preqravidar yəni ki, hamiləlik öncəsi hazırlığın daha sağlam hamiləliyin keçməsinə kömək edir. Bu nə deməkdir? Hamiləlikdən 3 ay öncə lazım olan vitamin kompleksləri təyin olunur. Ümumiyyətlə, TORCH infeksiyalarına analizlər verilir. Anemik bir vəziyyət, dəmir çatışmazlığı varsa, mütləq korreksiya olunur. Dəmir preparatı müalicəvi dozada təyin olunur və əgər anemik bir vəziyyət yoxdursa, qanda ferritin yoxlanılır. Dəmir deposunu doldurmaq üçün profilaktik dozada da həm dəmir, həm fol turşusunun birgə təyin olunması məsləhətdir. Eyni zamanda, hansısa infeksiyalar varsa, onların müalicəsi mümkündürsə hamilə qalmazdan öncə daha məsləhətdir. Bəzi hallarda immunizasiyanın da aparılması tövsiyə edilir. Misal üçün, əgər qadın uşaqlıqda qızılca keçirməyibsə rubella M və G formasını yoxlamalıyıq və əgər G forması yoxdursa immunizasiyanın hamilə qalmazdan 6 həftə öncə aparılması tövsiyə olunur ki, anticisimlər formalaşsın”.
A.Əmirova qeyd edib ki, qidalanmaya xüsusi olaraq diqqət yetirilməlidir:
“Zülal tərkibli qidalar o cümlədən, meyvə, tərəvəz, mikroelementlərlə zəngin olan qidalara üstünlük verilməlidir. Zərərli vərdişlər, həyat tərzinin dəyişilməsi hamilə qalmadan öncə tövsiyə olunur. Burada fiziki aktivlik, yuxu rejimi, ilk öncə qidalanma nəzərdə tutulur. Bu istiqamətdə bəzi hallarda çəki problemi yarana bilər. Çəkinin həddindən artıq olması və yaxud da normadan aşağı olması da dölün inkişafı üçün problem yarada bilir. Buna görə də, bədən çəki indeksinin normaya qədər çatdırılması hamilə qalmadan öncə məsləhət görülür. Sonra hestasion diabet, hipertenziv vəziyyətlər kimi hamiləliyin ağırlaşmaları baş tutmasın. Təbii ki, planlı şəkildə baş tutan hamiləlik və ona xüsusi hazırlıq gedirsə bu hamiləliyin daha sağlam bir şəkildə sağlam bir övladın dünyaya gəlməsinə zəmin yaradır. Ona görə, bütün qadınlara hamiləliyin planlı şəkildə olmasını tövsiyə edirəm. Buna hazırlıq gedəndə də preqravidar hazırlıq aparıldığı halda daha az fəsadlara rast gələ bilərik”.