Ötən il ölkədə qızılcaya yoluxanların sayındakı artım peyvəndlənmə sayəsində azalıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov mətbuata açıqlamasında hazırda qızılcaya yoluxanların sayında kəskin azalma olduğunu bildirib.
Qızılca ilə yanaşı peyvənd tələb edən bir sıra xəstəlik mövcuddur. Onlara Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, parotit, məxmərək aiddir. Bunların hamısına qarşı ölkəmizdə peyvəndlənmə aparılır.
Səhiyyə Nazirliyinin milli peyvənd təqviminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Dövlət tibb müəssisələrində peyvəndlər pulsuz, özəl müəssisələrdə isə ödəniş əsasında həyata keçirilir.
Lakin bəzi valideynlər peyvəndlərin ziyanlı olduğuna dair əsası olmayan məlumatlara istinad edərək peyvənddən imtina edirlər. Elə qızılcaya yoluxaraq vəfat edən uşaqlarla bağlı məlumatlarda çoxunun qızılcaya qarşı peyvənd olunmadığı məlum olub. Yəni peyvənddən imtina həmin xəstəliyin hansısa zamanda yenidən alovlanması və ciddi fəsadlar törətməsi deməkdir.
Belə xəstəliklərə göyöskürək, difteriya və yuxarıda adı çəıkilən digər xəstəliklərdir. Bu aylarda göyöskürəyə yoluxanların da sayında az da olsa artım olması haqqında məlumat yayılıb.
Bu xəstəliyin fəsadları və çıxış yolu nədir? Hansı yaşlarda insanlar buna qarşı peyvənd olunmalıdırlar?
Mövzu barədə Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyib ki, peyvəndsiz olduğumuz müddətdə peyvənd altına düşən xəstəliklərin alovlanma ehtimalı kifayət qədərdir:
“Ötən il qızılca yayıldı, ağır fəsadları oldu, bir neçə uşaq öldü, bundan qorxan valideynlər peyvənd elətdirdilər və epidemiya söndü. Peyvənd əleyhinə ən radikal mövqedə olan valideynlər ya gəlir, ya da zəng vurub peyvənd haqqında soruşur və övladlarını peyvənd elətdirirdilər. Amma gərək kimsə ölsün ki, biz ondan sonra öz uşağımızı qoruyaq?! Bu, düzgün yanaşma deyil. Hər birimizin əsas vəzifəsi maarifləndirmədir. Mən peyvənd haqqında çox yazıram və hər dəfə də təhqir olunuram.
Əvvəllər qızılcanı Allahın göndərdiyi bəla hesab edirdilər. Təhsil, təbabət, həkim yox idi, otaqları qırmızı pərdələrlə bəzəyərdilər, xəstələrə qırmızı şal bağlayırdılar, qoç alardılar, qoçun buynuzuna qırmızı bağlayırdılar. Bunlar Kefli İskəndərin vaxtından qalan düşüncədir. Bakıya baxan buranı Avropanın ən gözəl şəhər olduğunu düşünər. Amma düşüncəmiz harda qalıb?!”
Həkim göyöskürəyin ağırlaşma hallarından danışıb:
“Göyöskürək bir neçə ay bundan qabaq həddən artıq çox idi. Amma rəsmilər daha az olduğu haqda məlumat verirdilər. Onları ona görə qınamıram ki, göy öskürəyin diaqnozu gərək müayinənin nəticəsinə görə təsdiq olunsun. Ya da poliklinika bununla bağlı müraciət etsin ki, onlar da məlumatlı olsunlar. GDT vaksini göyöskürək, difteriya və tetanusa qarşı vurulan peyvənddir. Bunlar çox təhlküəli, yoluxdurucu, həm də ölümlə nəticələnən xəstəlikdir.
Göyösükrək öskürək tutmaları olan və aylarla davam edən xəstəlikdir. Fəsadları, pnevmaniyası, qıcolmaları var, bəzən öskürək tutmasının pikində uşağın nəfəsi kəsilir və ölür. İnsanları həyəcanlandırmaq istəmirəm, amma qızılcaya qarşı peyvənd olundu və bitdi. O demək deyil ki, digər xəstəliklər heç vaxt olmayacaq. GDT uşaq anadan olandan başlayaraq bir yaşına qədər 3 dəfə olunur. İki il sonra, 6 yaşında artıq beşinci dəfə olunur. Yəni yaş qruplarına görə davamlı immunitet almaq üçün tez-tez vurulur”.
O, valideynləri uşaqlarına yaxşılıq eləməyə, onları peyvəndləşmə prosesinə qoşulmağa çağırıb:
“Mənə də guya peyvəndlərin ziyanları ilə bağlı müxtəlif informasiyalar göndərirlər. İndi mən də feyk paylaşım etsəm ki, uşaqları peyvənd elətdirməyin, peyvənd uşaqları öldürür, bütün ölkə mediasının manşetinə çıxacaq. Yazıb məşhur ola bilərəm, amma ayıbdır axı.
Hökumət indi poliklinikalara Avropa vaksinləri gətirib, özü də pulsuzdur. Özəllərdə kifayət qədər bahadır. Özəldəki peyvəndlə dövlət xəstəxanasında vurulan peyvənddə heç bir fərq yoxdur. Sadəcə, istehsalçının adı fərqlidir. Vaksini ən çox istehsal edən ölkələr Rusiya, Hindistan, Almaniya. ABŞ, Fransa bunu sınaqdan keçirəndən sonra kütləvi istehsala icazə verilib. Biz elmə inanmayıb nəyə inanaq?!”