Bu gün xüsusilə uşaqların ən sevdiyi qidalardan biri də şokolad yağlarıdır. Ticarət şəbəkəsində şokolad yağlarının müxtəlif çeşidləri satılır. Bu qida nə qədər təhlükəsizdir?
Şokolad yağlarının hansı zərərləri var?
Mövzu ilə bağlı Modern.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, şokolad uşaqdan böyüyə hər kəsin sevimlisidir:
“Çünki tərkibindəki serotonin özümüzü daha yaxşı hiss etməyə, rahatlamağa kömək edir, bizə enerji verir. Bu demək olar ki, hamı tərəfindən bilinir.
Bəs zərərləri necə?
Qısa şəkildə zərərlərini sadalayım.
- doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəliklərinə, damar tıxanmasına səbəb ola bilər.
- tərkibindəki kofein asılılıq yaradır.
- enerji verən qida olsa da, həddindən artıq istehlak edildikdə yuxusuzluq yarana bilər.
- həddindən artıq istehlak edildikdə çəki artımını sürətləndirə bilər və s.
Bu sadalananlar şokoladın özünün ziyanları idi, bəs özümüzün də sevə-sevə aldığımız, uşaqlarımıza bəh-bəhlə yedirtdiyimiz "şokolad yağı" necə? Niyə təhlükəlidir?
İstənilən marketdə istənilən şokolad yağını əlimizə götürüb üzərindəki etiketi oxusaq, mütləq palma yağı, şəkər, qlükoza, bitki yağı, süd tozu, qarğıdalı siropu, dadlandırıcı, rəngləndirici və s. yazılara rast gələcəyik”.
Ekspertin sözlərinə görə, artıq bilməliyik ki, şəkər insan orqanizminə ziyandır, palma yağı ziyandır, süni rəngləndirici və dadlandırıcılar təhlükəlidir:
“Üstəlik satışda olan "şokolad yağ"larının harada, hansı şəraitdə, hansı xammaldan istehsal olunduğu bəlli deyilsə, deməli artıq vəziyyət doğurdan da acınacaqlıdır. Həm bizim üçün, həm də övladlarımız üçün!
Bəs onda çıxış yolu nədir? Necə edək ki, övladımız və özümüz bu cür qidaları tələb etməyək?
Evinizdə körpəniz dünyaya gələn andan etibarən bilərəkdən, oxuyub öyrənərək, məlumatlı şəkildə bu cür qidaları evinizin qapısından buraxmayın! Yox, əgər artıq siz də, övladınız da bu qidalarsız yaşaya bilmirsinizsə, onda yavaş-yavaş süfrənizdən uzaqlaşdırmağa və başqa qidalarla əvəz etməyə başlayın ki, sonra çox gec olmasın!".