Payız-qış mövsümü ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə vaksin preparatları gətirərək, nazirliyin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılmışdı.
Bildirilmişdi ki, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.
Qripə görə peyvəndlənmə necə gedir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, sentyabr ayından başlayaraq ölkə ərazisində mövsümi qrip əleyhinə vaksinasiya tədbirləri uğurla həyata keçirilir.
Onun sözlərinə görə, qrip əleyhinə peyvənd bədənin immun sistemini aktivləşdirir və orqanizmi qrip infeksiyasından qoruyur:
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasında qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət daim diqqət mərkəzindədir. Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər həyata keçirilir ki, bunlardan da ən vacibi qrip infeksiyasına qarşı peyvəndləmə işidir.
Ölkə ərazisində mövsümi qrip əleyhinə vaksinasiya tədbirləri uğurla həyata keçirilir. Əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir. Əsasən də, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir”.