Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2025-ci il yanvarın 1-dək uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bəs hazırda modul tipli xəstəxanalara koronavirus şübhəsi ilə bağlı yerləşdirilənlər var?
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Cebheinfo.az”a açıqlamasında bildirib ki, hazırda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir:
“COVID-19 virusu ilə bağlı statistika aylıq əsasla həftənin birinci günləri olmaqla Nazirlər Kabineti tərəfindən açıqlanır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanası hazırda da COVID-19 xəstələrinin müalicəsini və müayinəsini təşkil etmək üçün fəaliyyətdədir.
Bu günə olan son məlumata görə, hazırda 2 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir”.