Müəllimlərə vergi güzəşti təklifi: nə dəyişəcək? - rəylər


Vüqar Bayramov: “Təklif edirik ki, 48-60 bal arası nəticə göstərmiş müəllimlərin əməkhaqqı artımı 35 faiz hesablansın”

Təhsil eksperti Kamran Əsədov müəllimlərin əmək haqqından vergi tutulmamasını təklif edib. Bildirib ki, bu, təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir.

“Müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir. Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksəkkeyfiyyətli təhsilin təmin olunmasına kömək edir. Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir”, - ekspert qeyd edib.

Kamran Əsədov

Onun sözlərinə görə, vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar: “Bu isə müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar. Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər. Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar”.

Bəs dövlət bu güzəştlərə gedərmi? Təhsil eksperti haqlımı?

Yeri gəlmişkən, dünyada müəllimlərin maaşlarının tənzimlənməsi müxtəlif ölkələrdə fərqli yanaşmalarla həyata keçirilir. Maaşlar adətən iqtisadi inkişaf səviyyəsinə, təhsil sisteminə ayrılan vəsaitlərə və müəllimlərin peşəkar təcrübəsinə bağlı olur.

Dünyada ən yüksək müəllim maaşı Lüksemburqda verilir, bu ölkədə müəllimlər orta hesabla illik 64.572 ABŞ dolları qazanırlar.

Digər ölkələr arasında Almaniya (62.692 ABŞ dolları), İsveçrə (54.955 ABŞ dolları) və Cənubi Koreya (53.505 ABŞ dolları) əməkhaqqı ilə diqqət çəkir. Bu ölkələrdə müəllimlərin maaşı təhsilin yüksək prioritet olaraq qəbul edildiyini və müəllimlərin rollarının yüksək qiymətləndirildiyini göstərir.

Maaşlar təkcə ölkələrarası deyil, həm də ölkədaxili olaraq dəyişə bilər. Məsələn, ABŞ-da maaşlar ştatlar üzrə dəyişir, amma orta hesabla müəllimlər illik 44.545 ABŞ dolları alırlar. Avropa ölkələrində isə təhsil işçilərinə daha yüksək maaşlar verilərək peşəkarların motivasiyası artırılır.

Keçmiş sovet ölkələri arasında isə müəllimlərə ən yüksək maaşı əsasən Baltikyanı ölkələrdə müşahidə edilir, xüsusən də Estoniya və Litvada. Estoniyada müəllimlərin orta aylıq maaşı təxminən 1.600-1.800 avro arasındadır, bu da MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə yüksək hesab olunur. Litvada da müəllimlərin maaşları son illərdə əhəmiyyətli dərəcədə artaraq, aylıq təxminən 1.500 avroya çatıb. Bu artımların səbəbi olaraq, Baltikyanı ölkələrdə təhsilin prioritet sahə kimi qəbul edilməsi və müəllimlərin sosial rifahının yüksəldilməsi göstərilir. Digər keçmiş sovet ölkələri ilə müqayisədə, Baltikyanı ölkələr həm də Avropa Birliyi ölkələri ilə əməkdaşlıq edərək təhsil sahəsinə daha çox investisiya olunur. Bu ölkələrdə yüksək maaşlar müəllim peşəsinin cəlbediciliyini artırmağa və təhsil sisteminin keyfiyyətini yüksəltməyə yönəlib.

Rusiyada və Qazaxıstanda da müəyyən regionlarda və təcrübəli müəllimlər üçün daha yüksək maaşlar təklif olunur, lakin Baltik ölkələrinin səviyyəsinə çata bilmir.

Bəzi ölkələrdə ya müəllimlərə vergi güzəştləri tətbiq edilir ya da ümumiyyətlə maaşlardan vergi tutulmur. Misal üçün, BƏƏ, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrində müəllimlərin maaşlarına adətən tamamilə vergi tətbiq edilmir, xüsusilə beynəlxalq məktəblərdə çalışan müəllimlər üçün. Vergi güzəştlərinin mövcudluğu adətən hər bir ölkənin iqtisadi siyasətindən və beynəlxalq əməkdaşlıq sazişlərindən asılıdır. Yaxın Şərq, yüksək maaş və vergi güzəştləri baxımından müəllimlər üçün ən əlverişli regionlardan biri kimi tanınır.

qaynarinfo.az

İqtisadçı millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Müəllimlərin əməkhaqqının artırılması üçün bizim təklifimiz ondan ibarətdir ki, sertifikasiya nəticəsində toplanmış ballara diferensial yanaşma tətbiq olunsun. Təbii ki, hazırda mövcud mexanizmə əsasən 51 baladək toplanmış müəllimlərin əməkhaqqı 10%, 51 bal və daha çox nəticə göstərmiş müəllimlərin əməkhaqqı 35% artır. Bizim təklifimiz ondan ibarətdir ki, beynəlxalq qiymətləndirmə praktikasına, eləcə də Kembric qiymətləndirmə sisteminə uyğun olaraq 80% və daha çox nəticə göstərmiş müəllimlərin əməkhaqqı 35% artsın. 48 və daha yüksək bal toplamış müəllimlərin əməkhaqqıları o halda 35% artması məqsədəuyğun olardı. Digər 30-48 bal arası nəticə göstərmiş müəllimlərimiz üçün isə yeni diferensial sistemin tətbiq edilməsi və onların əməkhaqqıları da topladıqları bala uyğun olaraq 10 deyil, 10-dan artan şkala üzrə artırılması məqsədəuyğun olardı. Yəni mövcud qaydalara əsasən 30-51 arası bal toplamış müəllimlərin əməkhaqqı artımı 10 faizdir. Biz təklif edirik ki, 48-60 arası nəticə göstərmiş müəllimlərin əməkhaqqında 35 faiz hesablansın. Eyni zamanda 30-48 arası da bal toplayanlar arasında da fərqli diferensial yanaşma tətbiq oluna bilər. Bu halda intervallar 30-40-48 kimi qruplaşdırıla bilər. Bu da müəllimlərin əməkhaqqılarını daha çox artmasına imkan yarada bilər. Dünyada tətbiq edilən metod daha yüksək əməkhaqqı artımlarının həyata keçirilməsi və bununla müəllimlərin əməkhaqqı artımlarının stimulaşdırılmasına nail olmaqdır. Ona görə biz dolayı vasitələrdən, daha çox birbaşa alətlərdən, yəni əmək haqqı artımlarının genişləndirməsini istifadə etməklə sosial təminatını daha da yaxşılaşdırılmasını təklif edirik”.


MANŞET XƏBƏRLƏRİ