Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?


Təhsil sistemində şagirdlər dərsin mövzusunu qavramaq üçün bir çox əlavə dərs vəsaitləri, test topluları, iş dəftərləri, onlayn platformalardakı məzmunlardan istifadə edirlər. Bunlardan istifadə şagirdlərə mövzunun mənimsənilməsində yardımçı olsa da, valideynlər əlavə dərs vəsaitinin çoxluğundan və hamısını almağa maddi imkanının olmamasından narazıdırlar.

Məktəb isə valideynlərdən əlavə dərs vəsaitlərinin, bəzən hətta vəsaitlərin xüsusi olaraq hansısa nəşriyyatdan alınmasını tələb edirlər.

Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat nümayəndələri üçün keçirdiyi sonuncu brifinqdə əlavə dərs vəsaitləri haqqında danışarkən deyib ki, valideynlər bu vəsaitlərin alınmasına təşviq edilə bilməzlər.

Bəs bu məsələnin həll yolu nədir? Nazirlik özü əlavə dərs vəsaitləri hazırlamalıdırmı?

Yaranan suallara cavab verən təhsil sahəsi üzrə ekspert Elşən Qafarov Bizim.Media-ya bildirib ki, hər bir fənn üzrə əlavə vəsaitlərdən istifadə mütləqdir:

“Elm və Təhsizl Nazirliyi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq, ancaq dərslikləri və müəllimlər üçün metodik tövsiyələri çap edir və pulsuz şəkildə çatdırır. İş dəftəri, əlavə dərs vəsaitləri, didaktik materiallar təlim materiallarının mənimsənilməsində ən vacib şərtlərdən biridir. Bunlar valideynin hesabına ödənilir. Hələ 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulub ki, 2020-ci ilə qədər V-IX sinif şagirdləri, burada 17 fənnin tədrisindən söhbət gedir, dövlət hesabına dərsliklər, əlavə vəsaitlərlə yüklənmiş planşetlərlə təmin olunmalı idi. Biz bunu həyata keçirə bilmədik.

Hazırda isə əlavə dərs vəsaitlərini qadağan etməyi doğru addım saymıram. Çünki valideyn özü də görür ki, övladının tədris materiallarını daha səmərəli mənimsənilməsi üçün əlavə vəsaitlərin çox böyük rolu var”.

Ekspert hesab edir ki, ya nazirlik özü əlavə vəsait çap etməli, ya da buna məktəbin pedaqoji şurası qərar verməlidir:

“Elm və Təhsil Nazirliyinin çap etdirdiyi dərsliklər, əlavə vəsaitlər və bir də hər bir məktəbin özünün pedaqoji şurasının qərarı ilə tövsiyə edilən əlavə vəsaitlərdən istifadə edilə bilər. Çünki əlavə vəsaitlər, test toplularının çapı zamanı sanitar gigiyenik normalara heç də həmişə əməl olunmur. Orda həmin vəsaitlərin 16 və 18 şriftlə çap olunması, keyfiyyətli kağızdan istifadə şərtləri var. O baxımdan, əlavə vəsaitlər pedaqoji şuranın qərarı ilə tövsiyə edilə bilər. Bunu hər kəs bilir ki, əlavə vəsaitlər mütləq lazımdır. Belə olduğu halda müəyyən qanunauyğunluqlar tapmaq lazımdır”.


MANŞET XƏBƏRLƏRİ