Xaricdə təhsil bir çox gəncin arzusudur. Son illər isə əhəmiyyətli sayda tələbə bu məqsədlə müxtəlif ölkələrə üz tutur. Qəbul imkanlarının əlçatan olması isə bu sayı daha da artırır.
Bu seçim gənclərin gələcəyi üçün nə dərəcədə faydalı yatırımdır?
Məlumdur ki, xarici ölkə universitetlərində təhsil alma təhsilhaqqı və s. ilə bərabər, yüksək maddi imkan tələb edir.
Təhsil eksperti Ramal Şəmşədli mövzu ilə bağlı “Yeni Sabah”a deyib:
“Xaricdə təhsil, şübhəsizi, həm şəxsi inkişaf, həm də karyera üçün yaxşı sərmayə qoyuluşu hesab olunur. Bu şəxslər bir çox cəhətdən üstünlüklərə malik ola bilərlər. Məsələn, onların qlobal baxış və şəbəkə imkanları olur. Yəni bu tələbələr fərqli-fərqli ölkələrin vətəndaşları ilə əlaqələr qurur və bu, onlara həm peşəkar, həm də şəxsi həyatda əhatələrinin böyüməsinə gətirib çıxarır. Sözügedən amil gələcəkdə həmin şəxslərin iş imkanlarına olduqca müsbət təsir göstərir.
Digər bir nüans dil və mədəniyyət təcrübəsinin inkişafıdır ki, bu da insana beynəlxalq mühitdə iş təcrübəsi və fərqli mədəniyyətləri anlamada kömək edir. Eyni zamanda, bu, işə qəbul zamanı çox dəyərli bacarıq olaraq nəzərə alınır. Bu cür şəxslər hər zaman digərlərindən 1 addım öndə sayılırlar.
Beynəlxalq aləmdə tanınan universitetlərdə təhsil alma işəgötürənlərin diqqətini həmişə cəlb edir və qlobal iş bazarında tanınma, rəqabət üstünlüyü qazandırır. Xaricdə təhsil alanların yüksək kariyera imkanları və perspektivliyi olur. Onlar təkcə Azərbaycanda yox, eyni zamanda digər ölkələrdə də yüksək gəlirli iş imkanları əldə edirlər. Məsələn, texnologiya, tibb, mühəndislik, iqtisadiyyat, ticarət və biznes sahələrində təhsil alanlara tələb daha çoxdur”.
Ekspert bildirib ki, Azərbaycana geri dönən tələbələr əldə etdikləri bilik və bacarıqları ilə ölkənin inkişafına öz töhfələrini verə bilərlər:
“Onlar ölkəmizdə çalışanları peşəkar səviyyədə təkminləşdirə, müasir bilikləri yaymaq baxımından faydalı ola bilərlər. Minlərlə xaricdə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəmizə qayıdır. Ölkəyə qayıdan və xaricdə qalıb həyatını davam etdirən tələbələr arasında birlik yaradılmalı, əlaqə qurulmalıdır. Daim onların təcrübəsindən istifadə olunmalıdır.
Təəssüf ki, bu, ölkəmizdə hələ ciddi mənada baş tutmur. Ancaq bu mütləq olmalı və bir qurum yaradılmalıdır ki, məhz həmin məsələ ilə məşğul olsun. Təklif edərdim ki, yerli şirkətlər həmin tələbələrlə əlaqə yaradaraq yay tətilləri zamanı onları təcrübə proqramlarına cəlb etsin. Beləliklə, ilkin tanışlıq yaransın.
Təbii ki, xaricdə təhsil maddiyyata bağlıdır. Ən yaxın ölkə olan Türkiyədə bir tələbənin təhsil alması ən azı 600-700 manat tələb edir. Hələ əlavə kurslar və s. demirəm. Bütün bunları nəzərə alsaq, bir tələbənin potensial olaraq yetişməsi üçün aylıq 1500 manat civarında vəsait lazım olur”.