Ağır dərs yükü, çətin tapşırıqlar: Şagirdlər evdə neçə saat məşğul olmalıdır?


Şagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu son cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biridir.

Valideynlər deyir ki, övladları dərsdən sonrakı vaxtlarının çox hissəsini ev tapşırıqlarının həllinə sərf edirlər. Nəticədə yorulur və ​asudə vaxt keçirə, öz uşaqlıq dövrünü yaşaya bilmirlər.

Digər tərəfdən, məktəbdə izahı verilməyən tapşırıqlar şagirdi və valideynləri çətinə salır. Nəticədə də həm uşaq, həm də övladına köməklik göstərməyə çalışan valideyn tapşıırıqların həllinə saatlarla vaxt ayırmalı olur.

Müəllimlər isə hesab edirlr ki, ev tapşırıqları uşağın inkişafında mühüm rol oynayır. Bu səbəbdən də şagirdlərə ev tapşırıqları verilməlidir.

Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlərə verilən ev tapşırıqlarının çoxluğu son dövrlər daha çox səsləndirilən fikirlərdəndir:

“Əlbəttə, ev tapşırıqlarının çoxluğu dünyanın əksər ölkələrində qəbuledilməz bir məsələdir. Bu səbəbdən bir çox ölkələrdə daha az ev tapşırığı verilir və ya ümumiyyətlə, verilmir. Yaxşı olar ki, şagirdlər erkən yaşlarında valideynləri ilə daha çox vaxt keçirsinlər. Ev tapşırıqları ilə yüklənməsinlər. Bu onların təsil göstəricilərinə də öz müsbət təsirini göstərəcək. Yuxarı təhsil pilləsində isə şagirdin dərs yükünü ağırlaşdırmama üçün tapşırıqlar çox verilməli deyil. Az sayda tapşırıq verilməlidir ki, şagird evdə də dərslə maraqlansın, boşuna zaman keçirməsin. Ev tapşırıqlarını birdəfəlik yığışdırmaq olmaz. Amma məhdud sayda verilməlidir”.

Ekspert hesab edir ki, yuxarı təhsil pilləsində şagirdləri təhsilə cəlb etmək üçün ev tapşırıqları verilməlidir. Əks halda texnoloji yeniliklərin inkişafı ilə əlaqədar onlar boş vaxtlarını ya telefona, ya da oyunlara sərf edirlər:

“Ancaq 10-11-ci sinif şagirdləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinin qəbul imtahanlarına hazırlaşdıqları üçün sırf istiqamətləri üzrə fənlərdən ev tapşırıqları etsələr, daha yaxşı olar. Əlbəttə, şagirdin müxtəlif fənlər üzrə biliyinin formalaşması, yeni vərdişlərə yiyələnməsi üçün bütün fənlər üzrə ev tapşırıqları verilməlidir. Amma məhdud sayda”.

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, Elm və Təhsil Nazirliyinin təyin etdiyi rəsmi əsaslı dərsliklərlə yanaşı, şagirdlər əlavə dərs və dərs vəsaitləri, xüsusi test topluları ilə yüklənir:

"Müəllimlərin bir qismi əlavə tapşırıqların verilməsində canfəşanlıq göstərir. Rəsmi məlumata görə, 1-ci sinifdə oxuyan uşaq üçün ev tapşırığı 1 saata qədər müəyyən olunub. Məktəbli evə getdikdən sonra ona verilən tapşırıqların həlli 1 saatlıq müddəti aşmamalıdır. 2-ci sinif üçün bu 1,5, 3-4-cü siniflər üçün 2, 5-6-cı siniflər üçün 2,5 , 7-8-ci siniflər üçün 3 və 9-11-ci siniflər üçün isə 4 saat göstərilir. Bəzi müəllimlər var ki, qaydaları pozur. O müəllimlər hesab edir ki, uşağa çox dərs yükləməklə böyük uğur qazanacaqlar. Amma belə deyil. Elmi hədd anlayışı var. Uşağı yükləməklə onu savadlı bir şəxs kimi yetişdirmək olmaz. Əksinə, bu məktəblinin gələcək potensialını iflic vəziyyətinə salmaqdır”.

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, şagirdlər evdə ailəsi ilə vaxt keçirməli, özlərinə, hobbilərinə vaxt ayrımalıdırlar. Bu baxımdan onların həddindən artıq dərs və tapşırıqlarla yüklənməsi yolverilməzdir: “Tapşırıqların çox olması uşaqların sosiallaşması, emosional bağ qurmasına mane olur. Hər fəndən həftədə 1 dəfə ev tapşırığı verilməlidir. Bu bir şərt olmalıdır. Həftənin hər günü ev tapşırıqlarının verilməsi yükdür”.


MANŞET XƏBƏRLƏRİ