Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.
Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.
Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar.
Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir.
Qeyd edək ki, yeni qaydalara əsasən, məktəblərdə davranış pozuntusu edənlərə qarşı “sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıq kartları, bundan başqa “yaşıl” kart da təqdim edilir.
Belə ki, şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla, inzibati tədbirlərə müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanılması, psixoloqa yönləndirmə, “sarı”, “narıncı” və “qırmızı”, xəbərdarlıq məktubu kimi qaydalar daxildir.
Bildirək ki, hər yarımilin sonundak “yaşıl” kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə və fəxri fərman ilə təltif olunur. 3 "yaşıl" kart olarsa, şagirdə tərifnamə verilir.
Şagird cari yarımil ərzində “narıncı” xəbərdarlıq məktubu alarsa, onun tərifnamə alması üçün “yaşıl” kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə “qırmızı” xəbərdarlıq məktubu verilibsə, ən azı 8 “yaşıl” kartı olmalıdır. 5 “yaşıl” kart olarsa, şagirdə təşəkkürnamə verilir.
Şagirdə cari yarımil ərzində “narıncı” xəbərdarlıq məktubu verilibsə, onun təşəkkürnamə alması üçün “yaşıl” kartların sayı ən azı 8 olmalıdır.
Şagirdin cari yarımildə “qırmızı” xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz. 8 “yaşıl” kart olarsa, şagirdə fəxri fərman verilir. Şagirdə cari yarımil ərzində “narıncı” və ya “qırmızı” xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz.
Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir.
Şagird “yaşıl” kart aldıqdan sonra “sarı” xəbərdarlıq məktubu alarsa, 1 “yaşıl” kartı, “narıncı” və “qırmızı” xəbərdarlıq məktubu aldıqda isə 2 “yaşıl” kartı ləğv olunur.
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, məktəblərdə şagirdlərin davranış qaydaları qüvvəyə minib:
"Lakin bu, bütün məktəbləri əhatə etmir. Təxminən 100 məktəbdə pilot olaraq bu qaydalar tətbiq olunub. Xüsusilə də Bakıdakı məktəblərdə bu qaydalar effektiv nəticə verərsə, bütün məktəblərdə tətbiq edilə bilər. Lakin məktəblər narazılıq edir ki, bu, sadəcə müəllim üçün əlavə işdir, yəni effekti yoxdur".