Vahid tələbə kartının tətbiqinə START verildi – Siyahıda hansı universitetlər var?


Xəbər verildiyi kimi, bu gündən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək.

Ancaq kart ölkə üzrə bütün universitetlərdə tətbiq olunmayacaq, 11 universitetdə tələbələrə təqdim ediləcək.

Bəs nə vaxt digər universitetlər də bu layihəyə qoşula bilər?

Məsələylə bağlı Təhsilin İnkişafı Fondundan Bizim.Media-ya verilən açıqlamada qeyd olunub ki, layihənin ilkin mərhələsində Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur.

“Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Lənkəranda 17 ali təhsil müəssəsi əhatə edilməklə təxminən 170 min tələbə bu sistemə qoşulacaq”.

Açıqlamada əlavə edilib ki, Türkiyə-Azərbaycan Universiteti də daxil olmaqla artıq 11 universitetlə memorandum imzalanıb.

Başqa universitetlər layihəyə qoşulacaqmı?

Fonddan bildirilib ki, digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər.

“İrəliləyən mərhələlərdə digər region universitetləri, eləcə də, texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur”.

Qeyd edək ki, vahid tələbə kartının tətbiq olunacağı universitetlər bunlardır:

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Üniversiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti , Fransa- Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti , Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti


MANŞET XƏBƏRLƏRİ