Azərbaycanda şagirdlərə telefon qadağası rəsmiləşir? - RƏSMİ AÇIQLAMA


ABŞ-nin Virciniya ştatında dövlət məktəblərində şagirdlərin dərs saatlarında mobil telefon və sosial mediadan istifadəsini məhdudlaşdıran qanun qüvvəyə minib. Yeni qayda ilə bağlı verilən yazılı açıqlamada dərs zamanı mobil telefondan istifadənin şagirdlərin təhsilinə mənfi təsir etdiyi və daha aşağı qiymət almalarına səbəb olduğu vurğulanıb.

Azərbaycan məktəblərində də telefon istifadəsinə qadağa qoyula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan təhsil eksperti Elçin Əfəndi bildirib ki, eyni qayda Azərbaycanda da tətbiq olunmalıdır:

“Bütün dünyaya demokratiya dərsi keçən Amerikada belə bir məhdudiyyət tətbiq edilirsə, niyə bizdə də olmasın? Dərsdə şagirdlərin telefon istifadə etməsi onların dərsdən yayınması ilə nəticələnir. Bu, onların ümumi təhsil göstəricilərinə təsir etmiş olur. Bizdə də şagirdlərin telefondan istifadəsi qanunla qadağan olunmalıdır. Bununla bağlı qərar verilməlidir. Düzdür, bəzi təhsil müəssisələrində bununla bağlı pilot layihə tətbiq olunmağa başlanıb. Şagirdlərin dərs gedişatında telefon istifadəsi məhdudlaşdırılıb. Amma bu kimi hallar konkret qadağan olunmalıdır. Şagirdlər təhsil müəssisəsinə telefon gətirməməlidir. Gətirirlərsə, telefonlar ya öz auditoriyalarında, ya da məktəbin girişində xüsusi seyflərdə yığılıb toplanmalı, onları yalnız dərsdən çıxarkən götürməlidirlər. Dərsdə telefon istifadəsi zehni fəaliyyətə mənfi təsir edir. Bunun çox ciddi fəsadları olur”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri xatırladıb ki, ABŞ-nin Vircinya ştatından əvvəl də bir çox ştatlar, Avropa ölkələri, həmçinin regiona daxil olan ölkələr orta məktəblərə telefon və digər smart cihazların gətirilməsini qadağan edib.

“Bununla bağlı dövlət səviyyəsində qərarlar verilib. Özəl təhsil müəssisələrində bir çox lisey və gimnaziyalarda şagirdlərə telefon qadağası artıq tətbiq olunub. Amma müəyyən güzəştə gedilir. Valideynin övladı ilə əlaqə saxlaması, ondan xəbərdar olması üçün telefona icazə verilir. Lakin dərsə gələn zaman telefonlar yığılır, nəzarətçidə qalır. Böyük tənəffüslərdə telefona ehtiyacı olan şagird öz telefonu ilə təmin olunur. Daha sonra geri qaytarır. Dərs bitdikdə isə telefonunu götürür. Ümumi götürsək, orta statistik məktəblərdə telefon qadağası hələ ki, yoxdur”.

E.Nuri texnologiya əsrində şagirdlərin smart cihazlardan tam uzaqlaşdırılmasını məqsədəuyğun hesab etmir:

“Bunun alternativ variantı olmalıdır. Hazırda dünya təhsili dövrün tələbləri ilə o dərəcə uzlaşır ki, ənənəvi dərsliklərə belə ehtiyac duyulmur. Yəni, dərslər, verilən tapşırıqlar şagirdlər üçün smart cihazlarda açılan kabinetlərdə yerləşdirilir. Qiymətləndirmə də orada aparılır. Belə ənənənin yaşandığı dövrdə şagirdi tam olaraq ağıllı avadanlıqlardan kənara qoymaq o qədər də uğurlu nəticə vermir”.

O bildirir ki, Azərbaycan məktəblərində şagirdlərin telefondan istifadəsi baş verən neqativlərin çəkilərək sosial şəbəkələrdə yaylılmasına səbəb olur:

“Azərbaycanda məktəblə ilə bağlı xeyli neqativ hallar məhz telefonlarla çəkilərək sosial şəbəkə hesablarında yayılırdı. Bu bir tərəfdən problemlə bağlı cəmiyyəti məlumatlandırsa da, psixoloji təsir baxımından mənfi əks-təsir göstərə bilirdi. Burada telefon mənfi prosesin daha geniş auditoriyaya yayılması, qara psixologiyaya işləməsi rolunu oynayırdı”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğulardan istifadə etməsi xüsusi hallar istisna olmaqla tövsiyə olunmur:

“Adıçəkilən xüsusi hallara dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilməsi və s. daxildir. Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində pilot olaraq “Şagird davranış qaydaları” tətbiq edilir. Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı yuxarıda adları çəkilən xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir”.

Cavabda həmçinin qeyd olunub ki, müasir dövrdə təhsili çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil:

“Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur. Müasir dövrün tələblərinə və tədrisinin keyfiyyətinin artırılması məqsədinə uyğun olaraq ümumi təhsil müəssisələrinin yüksək sürətli internetə çıxışının təmin olunması hər zaman prioritet məsələlərdən biri olub. Təhsil müəssisələrini internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır”.

UNESCO-nun 2023-cü il Global Education Monitoring (GEM) hesabatında xəbərdarlıq edilib ki, sinifdəki texnologiyalar tələbələrin öyrənməsinə faydalı ola bilsə də, smartfonlardan yersiz və ya həddindən artıq istifadə edilməsi, zərərli təsir göstərə bilər.

GEM-də qeyd edilib ki, smartfondan istifadənin 14 ölkədə tələbələrin diqqətini yayındırdığı və öyrənməyə mənfi təsir göstərdiyi aşkar edilsə də, yalnız dünyanın hər 4 ölkəsindən 1-də məktəblərdə smartfondan istifadə qadağan edilib.

Onlardan Fransa, İtaliyə, Finlandiya 2018-ci ildən məktəblərdə smartfonların istifadəsini qadağan edib, Hollandiya isə cari ildə bu qadağanı tətbiq edəcək.

UNESCO sinifdə smartfonlara qlobal qadağa qoyulmasını tövsiyə edir.


MANŞET XƏBƏRLƏRİ