Azərbaycan universitetləri reytinqdə niyə qonşu ölkələrə uduzur? – SƏBƏB


“Quacquarelli Symonds” (QS) dünya universitetlərinin yeni reytinq cədvəlinə 1500 universitet arasında Qafqaz regionundan ümumilikdə 6 universitetin adı düşüb. Bunlardan üçü Azərbaycan universitetidir.

Belə ki, yeni reytinq cədvəlinə görə, Qafqazda ən yaxşı universitet Tbilisi Dövlət Universiteti olub. Ondan sonrakı yerlərdə Gürcüstan Texniki Universiteti və İrəvan Dövlət Universiteti qərarlaşıb. Azərbaycan universitetləri arasında ən yaxşı nəticə Bakı Dövlət Universitetinə (951) məxsusdur. Ondan sonrakı yerlərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1001-1200) və Azərbaycan Dövlət İqtisad Universiteti (1001-1200) qərarlaşıb.

Azərbaycan universitetləri niyə digər Qafqaz universitetlərindən geri qalır?

Mövzunu Globalinfo.az -a şərh edən ali təhsil üzrə mütəxəssis Adil Vəliyev qeyd edib ki, müxtəlif beynəlxalq reytinq cədvəlləri var ki, onlar hər il universitetlər haqqında müəyyən məlumatları və sıralamanı paylaşırlar.

Onun sözlərinə görə, bu sıralamada bəzi nüanslar var ki, beynəlxalq reytinq cədvəlləri onlara fikir verir:

“Məsələn, ola bilir ki, universitetdə təhsil alan əcnəblərin sayına, yaxud beynəlxalq nəşrlərə, universitetin təhsil sahəsində göstərdiyi nailiyyətlərə, beynəlxalq nailiyyətlərə, professor-müəllim heyətinin sayına görə müxtəlif kriteriyaları var. O kriteriyalara görə də müəyyən sıralamalar olur. Hazırda olan beynəlxalq reytinq cədvəlinin sıralaması yəqin ki, bu kriteriyalardan müəyyən hissələrini seçib deyə, belə sıralama ediblər. Amma ümumi şəkildə baxanda, Tbilisi Dövlət Universitetindən və ya İrəvan Dövlət Universitetindən, Gürcüstan Texniki Universitetindən niyə geri qalmalıyıq?”


Adil Vəliyev

A.Vəliyev deyib ki, həqiqətən də Azərbaycan universitetlərində maddi-texniki baza kifayət qədər yüksəkdir:

“Bu gün müəllimlərin dərs deməsi, daha yaxşı fəaliyyət göstərməsi, nailiyyət əldə etməsi üçün demək olar ki, bütün imkanlar yaradılıb. Sadəcə, məsələ araşdırılmalıdır. Əgər hansısa problemimiz varsa, o problem aradan qaldırılmalıdır. Düşünürəm ki, bu problemlərdən biri də bizim universitetlərin araşdırma yönümlü olmamasıdır. Çünki diqqət etsək görərik ki, hər hansı bir universitetdə araşdırma sahəsində nailiyyət demək olar, yoxdur. Bu hissəyə çox da diqqət ayrılmır. Ən zəif tərəfimiz də məhz budur. Lakin istər Avropa ölkələrində, istərsə də Amerikada yerləşən universitetlərə baxanda məlum olur ki, onların bir çox nailiyyəti məhz araşdırma etdikləri üçündür və araşdırma edən tələbələrin bir çoxu da Asiya ölkələrindən gələn vətəndaşlardır. Fikrimcə, biz də daha yaxşı nəticə əldə etməkdən ötrü öz yerli tələbələrimiz, yerli müəllimlərimiz üçün kifayət qədər imkan yaratmalıyıq ki, reytinq cədvəllərində istədiyimiz nəticəni əldə edə bilək”.


MANŞET XƏBƏRLƏRİ