Azərbaycan universitetlərində illik təhsil haqqı bir çox ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir və bu, həm tələbələri, həm valideynləri narazı salır.
Ölkədəki ali təhsil müəssisələrində təhsil haqqı yerləşdiyi bölgədən də asılı olaraq 1000-6500 manat arasında dəyişir. Belə ki, ölkəmizdə ən bahalı ali təhsil müəssisəsi Azərbaycan Diplomatik Akademiyasıdır. Burada bakalavr pilləsi üçün illik ödənişin məbləği 6000-6500 manat təşkil edir. Hüquqşünaslıq ixtisası üzrə təhsil haqqı ən yüksək olan universitet ADA Universitetidir. Burada tədris ingilis dilində aparılır və təhsil haqqı 6500 manat təşkil edir. Bakı Ali Neft Məktəbi də illik ödənişin yüksək olduğu universitetlərdən biridir.
Burada illik təhsil haqqı əksər ixtisaslar üzrə təxminən 4500 manatdır. Ümumilikdə, ölkədəki universitetlərdə bakalavr səviyyəsi üzrə bir illik əyani təhsilin ən aşağı olduğu qiymət 1000 manatdır. Bu qiymət ixtisasdan asılı olaraq, daha da arta bilər.
Universitetlərdə qiyabi təhsil isə 1700 manatdan başlayır.
Məsələn, psixologiya ixtisası üzrə təhsil haqqı Gəncə Dövlət Universitetində 1000 manat təşkil edir. Qonşu Türkiyə dövlət universitetlərində təhsil haqqı tibb və diş həkimliyi istisna, digər ixtisaslar 1000-2000 manat arası dəyişir.
Tibb və diş həkimliyi ixtisaslarında 1500-12.000 manat arası dəyişir. Özəl universitetlərdə isə təhsil haqqı 2500-15000 USD arası dəyişir. Qeyd etmək lazımdır ki, tibb sahəsi üzrə ixtisaslaşdıran Azərbaycan Tibb Universiteti qiymətlərin yüksək olduğu növbəti universitetlərdən biridir. Burada illik təhsil haqqı 4000-4500 manat arası dəyişir. Azərbaycanda ən bahalı özəl universitet isə Xəzər Universitetidir. Burada illik ödəniş 4000-4500 arasında dəyişir. Görünən budur ki, Türkiyədə universitetlərin illik ödəniş haqqı Azərbaycan universitetləri ilə müqayisədə 2 dəfə azdır. Bu da bir çox azərbaycanlı tələbənin Türkiyədə təhsil alması üçün əsas səbəblərdən birinə çevirilir. /cebheinfo.az/