Paytaxt məktəblərindən birinin 5-ci sinif şagirdinin valideynləri Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb Azərbaycan tarixinin rus dilində tədris olunmasını istəyirlər...
Bakı İnzibati Məhkəməsində maraqlı məhkəmə prosesi başlayıb. Belə ki, paytaxt məktəblərindən birinin 5-ci sinif şagirdinin valideynləri Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına hakim Miminat Hacıbəyovaya baxır.
Turkustan.az Calibir.az-a istinadən xəbər verir ki, iddia üzrə ilk məhkəmə iclası keçirilib. İddiaya səbəb 5-ci sinif rus sektorunda “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisidir. Onlar rus bölməsində təhsil alan məktəblilərin materialın Azərbaycan dilində kompleks şəkildə təqdim olunması səbəbindən öz vətənlərinin tarixini tam dərk edə bilməmələrini əsas gətirərək, Azərbaycan tarixinin rus dilində tədris olunmasını xahiş edirlər. Onların fikrincə, 5-ci sinif üçün rus dilində “Azərbaycan tarixi” dərsliyi uşaqlara dərs keçmək üçün daha başa düşülən və əlverişlidir. Valideynlərin vəkili bildirib ki, belə bir qərar məktəblilərin özlərinin və valideynlərinin konstitusiya hüquqlarını pozur.
Məhkəmədə çıxış edən nazirliyin nümayəndəsi bildirib ki, bu təhsil forması ilə bağlı qərar mövcud qanun və qaydalar əsasında qəbul edilib. Öz növbəsində məhkəmə hər iki tərəfi dinləyib və iddiaları qəbul edib. İddia üzrə Bakı İnzibati Məhkəməsinin növbəti iclası 14 fevrala təyin edilib.
Bəs problem necə həll olunmalıdır? Məlumdur ki, rus sektorunda təkcə azərbaycanlı uşaqlar deyil, rus ailələrində böyüyənlər də var ki, onlara tariximizi Azərbaycan dilində başa düşmək həqiqətən də çətinlik yarada bilər.
Ceyhun Məmmədov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Ceyhun Məmmədov deyib ki, belə bir hadisənin baş verməsi düşündürücüdür: “Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin bu məsələ ilə bağlı bəzi məqamlar var ki, onları xüsusi qeyd etmək istərdim. Məsələnin mahiyyəti ondan ibarətdir ki, rus sektorunda təhsil alan şagirdlərin əksəriyyəti Azərbaycan dilini yaxşı bilmirlər. Bu səbəbdən hesab edirəm ki, onların Azərbaycan tarixinin rus dilində deyil, Azərbaycan dilində təhsil alması və bunun nə qədər effektiv olması məsələsi ciddi araşdırılmalıdır. Əgər şagird Azərbaycan dilini yaxşı bilmirsə, onun Azərbaycan dilində tarixi mənimsəməsi məsələsi təhlil edilməlidir. Hesab edirəm ki, məktəblilər eyni zamanda Azərbaycan tarixini rus dilində də öyrənməli və bilməlidirlər. Gələcəkdə informasiya müharibəsində istifadə etmək, bu prosesdə addımlar atmaq üçün tariximizi rus dilində də mənimsəmələri vacibdir. Bu gün ermənilər rus dilində bizə qarşı çox ciddi informasiya müharibəsi həyata keçirirlər. Bu baxımdan bizdə də tariximizi rus dilində bilən mütəxəssislər olmalıdır ki, bu informasiya müharibəsində qələbəmizi təmin edə bilsinlər”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov dedi ki, Azərbaycan Konstitusiyasına əsasən, dövlət dili Azərbaycan dilidir (Maddə 21). Bu dilin qorunması və inkişaf etdirilməsi dövlətin əsas funksiyalarından biridir: “Eyni zamanda, konstitusiyanın 45-ci maddəsi hər bir vətəndaşa öz ana dilində danışmaq, təhsil almaq və ana dilini inkişaf etdirmək hüququnu təmin edir. Təhsil haqqında qanuna görə ölkədə təhsil dövlət dilində aparılır, lakin təhsil rus, ingilis və digər dillərdə də həyata keçirilə bilər. Bununla belə, dövlət dili olaraq Azərbaycan dilinin tədrisi bütün təhsil səviyyələrində məcburidir. Bu hüquqi baza, dövlət dilinin tədrisinin əsasını qoyur və bunun milli kimliyin qorunmasında vacib rolunu vurğulayır.
Hal-hazırda ölkədə ümumtəhsil məktəblərinin bir hissəsi rus sektorunda fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü il tədris ilində ölkə üzrə 1.6 milyona yaxın şagird təhsil alır və onların təxminən 10%-i rus bölməsindədir. Bu, minlərlə şagirdin dil baryeri səbəbindən tədris prosesi ilə bağlı çətinliklər yaşaya biləcəyini göstərir.
Rus sektorunda “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədrisi məsələsində əsas müzakirə olunan məqam, rusdilli uşaqların bu materialı tam şəkildə qavramaqda çətinlik çəkə biləcəyidir. Bunun təhsil prosesinə təsiri dünya təcrübəsi ilə müqayisə edilə bilər. Məsələn, Kanadada iki rəsmi dil - ingilis və fransız dilləri var. Fransızdilli məktəblərdə Kanadanın tarixi fransız dilində, ingilisdilli məktəblərdə isə ingilis dilində tədris olunur. Dövlət, hər iki dil qrupunun tarixi və mədəniyyətini anlamaq üçün müvafiq tədris resurslarını təmin edir. Bu yanaşma hər iki dil qrupunun bərabər hüquqlardan istifadə etməsini və təhsilin keyfiyyətli şəkildə təmin olunmasını hədəfləyir. Avropa ölkələrində də oxşar təcrübələr müşahidə edilir. İsveçrədə şagirdlərin fərqli dillərdə təhsil almaq hüququ qorunur və hər bölgənin dil siyasəti təhsil proqramlarına uyğunlaşdırılır. Tarixi və milli kimliklə bağlı fənlər şagirdlərin ana dilində tədris olunur ki, bu da onların materialı daha yaxşı mənimsəməsini təmin edir. Cənubi Koreyada isə təhsil yalnız dövlət dilində həyata keçirilir və bu, cəmiyyətin vahid milli kimlik ətrafında birləşməsinə xidmət edir. Lakin bu yanaşma, ölkədə güclü birdilli siyasət ənənəsinin mövcud olduğu bir şəraitdə mümkündür".
Ekspertin fikrincə, Azərbaycanın təhsil siyasətində dövlət dilinin qorunması əsas prioritetlərdən biridir, lakin dövlətin təhsil hüququnu təmin etmək öhdəliyi də nəzərə alınmalıdır: “Rus sektorunda təhsil alan şagirdlər üçün Azərbaycan tarixi dərsinin Azərbaycan dilində tədrisi onların bu fənni tam mənimsəməsinə mane olursa, bu, təhsil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Burada əsas məsələ balansın tapılmasıdır. Dövlət dili tədris edilməli və qorunmalıdır, eyni zamanda şagirdlərin tədris materialını tam qavraması üçün onların dillə bağlı ehtiyacları nəzərə alınmalıdır. Bu problemi həll etmək üçün ilk növbədə, “Azərbaycan tarixi” dərsliyi və digər resurslar rus dilində çap edilməlidir. Dərs Azərbaycan dilində tədris olunmağa davam edə bilər, lakin şagirdlər üçün tərcümə edilmiş materialların mövcudluğu onların fənni daha yaxşı mənimsəməsinə imkan verər. Eyni zamanda müəllimlərə ikidilli tədris texnikası üzrə əlavə təlimlər keçirilməlidir ki, onlar rus sektorundakı şagirdlərə materialı daha effektiv şəkildə çatdıra bilsinlər.
Bununla yanaşı, dil dəstəyi proqramları təşkil olunmalıdır. Rusdilli şagirdlər üçün əlavə dil dərsləri təşkil edilə bilər ki, bu da onların Azərbaycan dilində tədris olunan digər fənlərdə də uğurlu olmalarına kömək edər. Bu yanaşma təkcə “Azərbaycan tarixi” fənnində deyil, ümumilikdə təhsil sistemində daha yaxşı nəticələrə səbəb ola bilər.
Xüsusilə problemin həlli üçün maraqlı tərəflər arasında dialoq təşkil olunmalıdır. Valideynlər, müəllimlər, təhsil ekspertləri və dövlət qurumlarının bir araya gələrək bu məsələni geniş müzakirə etməsi, həm dövlət dilinin qorunmasını, həm də şagirdlərin təhsil hüququnun təmin olunmasını təmin edəcək qərarların qəbul edilməsinə şərait yarada bilər".