“Bahalı müəllimlər” – Repetitorluq LƏĞV OLUNUR?


Bu gün tələbatın ən çox olduğu sahələrdən biri də məhz repetitorluqdur. Çünki imtahana hazırlaşan abituriyentlər artıq məktəbin verdiyi tədrislə kifayətlənə bilmirlər. Bu təhsil onların Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan yüksək ballar toplamalarına yetmir.

Müxtəlif fənlər üzrə şagird hazırlaşdıran repetitorların və kursların qiymətləri də müxtəlifdir.

Məsələn, şəhərin mərkəzində şagird hazırlığı qruplar şəklində 100 manat, qəsəbələrdə 50-70, rayonlarda isə daha aşağı qiymətə olur. Bundan əlavə, dərslər fərdi olduqda isə daha baha olur.

Maraqlıdır ki, günlərin sayı, hətta dərslərin müddəti eyni olduğu halda belə qiymət fərqlərinin səbəbləri nələrdir?

Ümumiyyətlə, repetitor qiymətləri necə tənzimlənməlidir?

Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, qiymətlərin belə fərqlənməsi müxtəlif amillərdən asılıdır:

“Repetitor qiymətləri repetitorun dərs keçdiyi ərazi, tədris etdiyi fənn və onun nə qədər məşhur olması ilə bağlıdır. Bakıda, digər mərkəzi şəhərlərdə həyat nisbətən baha, tələbat çox olduğu üçün qiymətlər daha yüksəkdir, regionlarda isə tələbat, əhalinin sosial durumu nisbətən zəif olduğu üçün repetitor, kurs qiymətləri də aşağı olur”.

Ekspert məşğələ dərslərinin qiymətilə bağlı deyib ki, ümumiyyətlə, bu xidmət olmamalıdır:

“tədris proqramlarını öyrənməyə görə niyə valideyn əlavə pul verməlidir?! Valideyn istəyirsə, övladını ümumi təhsildə keçirilməyən mövzular üçün repetitor yanına göndərməlidir. Amma ümumi təhsildə keçirilən mövzular üçün niyə repetitorluq olmalıdır? Repetitorluğun bu qədər yayılmasına səbəb olan amillərə DİM və onun imtahan mexanizmləri aiddir. Bunun aradan qaldırılması üçün DİM- n qəbul imtahanlarının mexanizmi dəyişdirilməli, təhsil idarəetmə orqanlarında təhsilin inkişafı üçün çalışan mütəxəssislər olmalıdır”, - deyə müsahibimiz nəzərə çatdırıb.


MANŞET XƏBƏRLƏRİ