Hökumətin tələbələrlə bağlı qərarı: Nəyi dəyişəcək?


Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.

Qeyd edək ki, təhsil ekspertləri ali təhsillə bağlı ixtisasların təsnifatı barədə müxtəlif təkliflərlə çıxış ediblər. Yeni ixtisasların təsnifata əlavə olunması və bəzi ixtisasların adında dəyişiklik edilməsi bizə nə verəcək?

Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, 2025-ci ildə ali təhsil müəssisələrində təqdim olunacaq “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları ölkənin iqtisadi və elmi inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər.

Ekspertin sözlərinə görə, tədris proqramlarına daxil edilən bu ixtisaslar əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılıb:

“Məsələn, riyaziyyat və fizika sahəsində müəllimlərin çatışmazlığı Azərbaycan təhsil sistemində uzun müddətdir mövcuddur. 2023-cü ilin statistikasına əsasən, ölkə üzrə bu sahələrdə ixtisaslı müəllimlərin təminatında 12%-lik boşluq qeydə alınıb. Müəllimlik peşəsinə marağın artırılması üçün yeni tədris modelləri tətbiq olunmalı və bu sahənin prestiji yüksəldilməlidir”.

Ekspertin fikrincə, yeni ixtisasların tətbiqi ilə yanaşı, onların tədris keyfiyyəti və praktik əhəmiyyəti də diqqət mərkəzində olmalıdır.

Universitetlər bu sahələrdə beynəlxalq standartlara uyğun proqramlar hazırlamalı, tələbələrə həm nəzəri biliklər, həm də praktiki təcrübə qazandırmalıdır. Eyni zamanda, dövlət və özəl sektor bu tələbələrin məşğulluğunu təmin etmək üçün strateji əməkdaşlıq etməlidir. Yeni ixtisaslar əmək bazarının tələblərinə uyğun təhsil proqramlarının formalaşdırılması istiqamətində mühüm addımdır. K.Əsədov hesab edir ki, bu ixtisasların inkişafı yalnız təhsil sisteminin deyil, eyni zamanda milli iqtisadiyyatın və sosial rifahın irəliləyişinə əhəmiyyətli töhfə verə bilər:

“Bu sahədə uğur əldə etmək üçün isə tələbələrə uyğun şərait yaradılması, eləcə də cəmiyyətdə bu peşələrin önəmini vurğulamaq mühüm əhəmiyyət daşıyır”.

Təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, əgər bir sahə üzrə geniş imkanlar açılmayıbsa, onun inkişaf etməsi üçün münbit şərait yoxdursa, o ixtisasın nə verəcəyini düşünmək lazımdır:

“Yaxşı olar ki, əvvəlcə biz o perspektivli, bu gün arzusunda olduğumuz istiqaməti bizə bəlli olan ixtisaslar üzrə bir mühit yaradaq. Orada iş yerləri tələbatı olsun və yaxud da böyük şirkətlər, zavodlar, fabriklərdən mesajlar gəlsin ki, bu sahə üzrə bizim ehtiyacımız var, bu tələbatı ödəyəcək ixtisasları yaradın və bizə kadrlar verin. Ola bilsin ki, onlar bu məsələdə maddi dəstək də ola bilər və bu, dünya təcrübəsində var.

Ancaq biz əksinə, ixisası elan edirik, təsnifata adalarının salırıq, minimum keçid balını da qabaqcadan elan edirik. Artıq 4 ildən sonra onları əmək bazarında nə gözləyir, onu bilmirik. Ancaq təkmilləşdirmə, yaxud da ixtisasların dəyişdirilməsi kimi məsələlər varsa, yaxşı olar ki, bu geniş müzakirəyə təqdim olunsun. İctimaiyyət, yaxud da tələbatı olan böyük şirkətlər bunu müzakirə eləsin. Hətta bu gün əmək bazarında diplomlu işsiz qalan şəxslərin rəyini öyrənməklə adları dəyişmək olar, yeni ixtisaslar açmaq olar. Ancaq biz heç bir sorğu keçirmədən birbaşa bu addımları atırıq”.

O bildirib ki, bu məsələlər, ixtisaslar əmək bazarının tələblərinə uyğun qurulmalıdır:

“İndi əvvəlcə ixtisaslar elan olunur. Halbuki bilməliyik ki, bu ixtisasların təlimini keçən proqram varmı və yaxud bu sahə üzrə yaxşı ixtisaslaşmış kadrlarımızın olduğunu müəyyən edək. Ona uyğun olaraq da universitetlərə ixtisasları təqdim edək ki, bu sahə üzrə ixtisaslaşmış kadrlarımız var. Boşluqlar var, onların həllini tapmadan yeni səhvlər edirik”.


MANŞET XƏBƏRLƏRİ